Bu gün Azərbaycan Mətbuat Şurasının qəzet yayımı ilə məşğul olan komissiyasının növbəti iclası keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə toplantını açaraq qurumun ötən müddətdə gördüyü işlər barədə məlumat verib. Mövcud istiqamətdə bir sıra pozitiv meyllərin yarandığını diqqətə çatdıran V.Rəhimzadə müəyyən çətinliklərin aradan qaldırılmasının vacibliyini də vurğulayıb.
İclasda xüsusən də paytaxtda qəzet yayımını həyata keçirən «Əks səda» firmasının qəzetlərin yayım göstəricilərinə dair sənədləri ətrafında müzakirələr gedib. Firmanın direktoru Vüqar Həsənli bildirib ki, rəhbərlik etdiyi təşkilat 91 qəzet redaksiyası ilə müqavilə bağlayaraq onların məhsullarını yayır və həmin KİV-lərin satış göstəricilərinin əks olunduğu rəsmi sənəd təqdim etmək imkanındadır.
İclasda «Əks səda» firmasının qəzet satışındakı rentabelliyin artırılması ilə bağlı təkliflərinə də nəzər salınıb. Çıxış edənlər mövcud istiqamətdəki məsələlərin redaksiyaların iştirakı ilə geniş müzakirəsinin təşkilini məqsədə uyğun sayıblar. Belə bir toplantının baş redaktorların iştirakı ilə gələn həftə də keçirilməsi qərara alınıb.
Mətbuat Şurasının qəzet yayımı ilə məşğul olan komissiyasının iclası olub
411