Mənzil fırıldaqçılığının qurbanları ölkə rəhbərliyinə müraciət etdi
14 yanvar 2014 11:03 (UTC +04:00)

Mənzil fırıldaqçılığının qurbanları ölkə rəhbərliyinə müraciət etdi

“Fuad LTD”-dən zərərçəkənlərə nə mənzil verilir, nə də pulları qaytarılır

 

 

“Fuad LTD” MMC-nin direktorunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Artıq Bakı Ağır Cinayətlər Məhkəməsində Qasım Məmmədovla bağlı məhkəmə işinə start verilib. Baş Prokurorluğun yaydığı xəbərə görə, Qasım Məmmədov 2005-2009-ci illərdə “Fuad LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən Xırdalan şəhərində inşa edilən çoxmərtəbəli yaşayış binasından mənzil alınması məqsədi ilə 186 şəxs tərəfindən ödənilmiş 1 milyon 845 min 802 manat məbləğində pulu ələ keçirməkdə ittiham olunur. Bu işdə həmin cəmiyyətin mühasibi Ramin İbrahimovun da əli olub. Onlar  həm də 2005-ci ildən Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olsalar da, gəlirləri barədə heç bir bəyannamə təqdim etmədən ümumilikdə 1 milyon 74 min 841 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham olunurlar. Q.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. “Fuad LTD” MMC-nin mühasibi Ramin İbrahimov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir.

 

Baş Prokurorluğun məlumatında qeyd olunur ki, istintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub. Lakin bu fırıldaqdan zərərçəkənlərdən biri – məcburi köçkün, hazırda yataqxanada yaşayan Əliyev Teymur Möhtərəm oğlu Lent.az-la əlaqə saxlayaraq bir sıra zərərçəkənlərə heç nə ödənilmədiyini, başqa sözlə, nə mənzillə təmin olunduqlarını, nə də pullarının geri qaytarıldığını bildirdi: “Mən də istintaq tərəfindən zərərçəkən kimi tanınmışam. 15 min manata yaxın vəsaiti “Fuad LTD” MMC-nin hesabına köçürmüşəm. Bu vəsaitin əlavə təzminatla birlikdə mənə qaytarılması haqqında Binəqədi rayon Məhkəməsinin ayrıca qərarı da var. Bir ildən çoxdur Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində gedən istintaq zamanı bizə yalnız gözləməyi məsləhət görüblər. İndi də elan ediblər ki, istintaq bitdi, iş məhkəməyə göndərilib və guya bütün zərər ödənilib. Halbuki, şəxsən mən və tanıdığım zərərçəkənlər buradan nə yeni mənzil müqaviləsi, nə də pul almamışıq”.

 

Şikayətçi deyir ki, hazırda həmin binanın inşası “Abşeron 2013” adlı tikinti şirkəti tərəfindən davam etdirilir. Onlar da bu mənzilləri vətəndaşlara ikinci dəfə və daha baha qiymətə satırlar: “Baha qiymət ödəmək istəməyənləri isə min cür bəhanə ilə başdan edirlər. Bir ay əvvəl söz vermişdilər ki, pulu ödəyəcəklər. Dəfələrlə gedib-gəldikdən sonra şirkətin Azər adlı rəhbəri bizə açıq-aşkar ki, dedi ki, ümumiyyətlə, sizə pul verən deyilik, mənzil isə yoxdur. Üstəlik də bizim vəsaitimiz hesabına tikilən binadan kənar vətəndaşlara mənzil satışını həyata keçirirlər. Yəni zərərçəkənlərin zərəri ödənilmədiyi halda, onlar maddi qazanc əldə etməyə çalışırlar. Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə iclası zamanı Qasım Məmmədov bildirdi ki, binanı yeni şirkətə o şərtlə satıb ki, zərərçəkənlərin hamısını razı salsınlar. Yeri gəlmişkən, sözügedən alqı-satqı müqaviləsinin nə dərəcədə qanuni olub-olmaması, ümumiyyətlə orada nələrin əks olunması hamıya qaranlıqdır və məhkəmənin hazırda davam edən proseslərində də bu məsələyə aydınlıq gətirilmir”.

Ölkə rəhbərliyinə, baş prokurora məsələ ilə bağlı məktub yazdığını söyləyən T.Əliyev fırıldaqçıların onun min bir əziyyətlə pul toplayıb ev sahibi olmaq arzusunu gözündə qoyduqlarını, illərdir döymədiyi qapı qalmadığını və nəhayət, işin rəsmi şəkildə məhkəməyə çıxarıldığı bir vaxtda da ortada ümidverici bir şey olmadığını, yeni şirkətin zərəri ödəmək, məhkəmənin isə yeni şirkəti bu işə qatmaq fikrində olmadığını vurğuladı: “Bizim ödədiyimiz pul, tikilən bina və başqalarına satılan mənzillər – bütün bunlar məntiqsiz və ədalətsiz olsa da faktdır. Bu halda, bizim zərərimizi kim ödəməlidir? Biz də digər fırıldaqçı tikinti şirkətləri tərəfindən aldadılan vətəndaşların məsələsində olduğu kimi, ya mənzillə təmin olunmağımızı, ya da heç olmasa, bu illər ərzində xeyli dəyərdən düşmüş pulumuzun geri qaytarılmasını tələb edirik. Və bir də istəyirik ki, Baş Prokurorluq ötən il dekabrın 11-də yaydığı rəsmi açıqlamasında yer alan “İstintaq dövründə vətəndaşlara dəymiş ziyan tam məbləğdə ödətdirilib” ifadəsinin nəyə əsaslandığını izah etsin”.

 

“Abşeron 2013” tikinti şirkətinin rəhbəri olan Azər adlı şəxs Lent.az-a bildirib ki, sakinlərə ziyanı kim vurubsa, həmin şəxs də ödəməlidir. Şirkət rəhbəri dəymiş ziyanın ödənilməsi üçün götürülən öhdəliklə bağlı suala cavab vermək istəməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 993
avatar

Oxşar yazılar