Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə monitorinq və buraxılış imtahanlarında, həmçinin jurnalistika ixtisasında qəbulda yazı işlərini yoxlayan markerlərlə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə TQDK sədri Məleykə Abbaszadə bildirib ki, müasir dövrdə həm beynəlxalq miqyasda, həm də müxtəlif ölkələrdə təhsil sahəsində şagird nailiyyətlərinin yazı işləri vasitəsilə qiymətləndirilməsindən geniş istifadə olunur. Onun sözlərinə görə, bu, bir tərəfdən şagirdlərin bilik və bacarıqları, təlimin nəticələri haqqında etibarlı məlumat əldə edilməsi, digər tərəfdən isə əldə olunan məlumatlar əsasında təhsil sahəsində müxtəlif istiqamətlərdə müsbət dəyişikliklərə nail olunması baxımından əhəmiyyətlidir: “Bu məqsədlə TQDK monitorinq imtahanlarında, ”Jurnalistika” ixtisasına qəbulda və buraxılış imtahanlarında yazı işləri vasitəsilə qiymətləndirməni həyata keçirir. Komissiya tərəfindən bu imtahanlarda yazı işlərinin qiymətləndirilməsi üçün yeni qiymətləndirmə meyarları, bütövlükdə qiymətləndirmə prosesini həyata keçirmək üçün qiymətləndirmə metodu hazırlanıb”.
TQDK sədri qeyd edib ki, yazı işlərinin yoxlanılması prosesinə Bakı şəhərindən və regionlardan müvafiq sahənin mütəxəssisləri marker qismində dəvət olunub. Hər bir mütəxəssis kalibrləmə (seçim) mərhələsini uğurla həyata keçirdikdən sonra yazı işlərinin yoxlanılması prosesinə cəlb edilib. Bununla da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərdən biri-təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmləri hazırlanır: “Son 2 il ərzində işlərdə iştirak etmək üçün 5740 nəfər müəllim dəvət edilib. Onlardan 910 nəfər müəllim kalibrləmə (seçim) mərhələsini uğurla keçərək ekspert-marker müəllim kimi təsdiq ediliblər. Bu gün keçirilən görüşdə Bakıdan “Azərbaycan dili” fənni üzrə 195 müəllim, “Riyaziyyat” fənni üzrə 118 müəllim, “Rus dili” fənni üzrə 24 nəfər müəllim iştirak edir. Digər markerlər isə regionların payına düşür. Gələcəkdə monitorinq imtahanlarının tapşırıqları buraxılış imtahanlarında olacaq. Bu gün kurikulum artıq VII sinifdə tətbiq edilir və onlar iki ildən sonra IX sinifdə buraxılış imtahanlarına qatılacaqlar. Bu imtahanlarda artıq 100 min şagird iştirak edəcək. Onların nəticələrini yoxlamaq üçün artıq 10 min müəllimə ehtiyac olacaq. Hazırda isə bizdə 910 nəfər müəllim var. Bu yaxınlarda Təhsil Nazirliyində görüş keçirilib. Müəllimlərlə bağlı təhsil nazirinə də məlumat vermişəm. İnanırıq ki, birgə işlər sayəsində gələcəkdə lazım olan müəllimlərin sayını artıra biləcəyik”.
Görüşdə Məleykə Abbaszadə kalibrləmə (seçim) mərhələsini uğurla keçmiş markerlərə TQDK tərəfindən hazırlanmış V və VI siniflər üzrə “Şagird nailiyyətlərinin qiymətləndirilməsi” vəsaitini hədiyyə edib
Məleykə Abbaszadə markerlərlə görüşüb
168