Məktəbli intiharı: kəndirdən asılan dərs - ARAŞDIRMA
23 yanvar 2014 11:59 (UTC +04:00)

Məktəbli intiharı: kəndirdən asılan dərs - ARAŞDIRMA

Ard-arda düzülən intihar (suisid) məktubları, hələ yaşamağa başlamadıqları həyatdan könüllü ayrılan məktəblilər, artan acı statistika... Ölkədə çox ağır və ciddi sosial problemin yarandığı gün kimi aydındır. Təkcə yeni il başlayandan Azərbaycanda 5 məktəbli intihar edib. Dekabrın 30-u - yanvarın 6-sı aralığında 4 məktəbli özünü öldürüb. Onlardan 2-si Şamaxıda, 1-i Bakının Suraxanı rayonunda, biri isə Lerikdə intihar edib. Şamaxıdakı hadisələrin ikisi də Göylər kəndində qeydə alınıb.

 

Yanvarın 3-də Lerik rayonunun Züzüç kəndində 15 yaşlı Əliyev Cəmil Azad oğlu dağlıq ərazidəki ağacda özünü asıb. Daha bir intihar hadisəsi isə yanvarın 18-də İsmayıllıda baş verib. İsmayıllının Quşəncə kəndində 2003-cü il təvəllüdlü Cəbiyev Vüqar Natiq oğlu özünü həyətdəki ağaclardan birində asıb. Uşağın anası həmin vaxt bulağa su gətirməyə gedib və evə qayıdanda uşağını həyətdə asılmış vəziyyətdə görüb. Anasının sözlərinə görə, o, uşağı səhər məktəbə yola salıb. Ancaq onun hansı səbəbdən evə tez qayıtması və intihar etməsi məlum deyil...

 

Kəndirdən asılı gələcəyimiz

 

Hələ ki, ölkədə uşaqlara bu və ya digər dərəcədə məsul olan qurumlar – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Ombudsman, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, icra hakimiyyətlərinin nəzdindəki azyaşlılarla iş üzrə komissiyalar susur, artan məktəbli intiharlarına hansısa çevik reaksiya, bir müşavirə, quru bir iclas, bir tərpəniş yoxdu. Əvəzində isə sallanan kəndirlər danışır...

 

Komitədən xəbərdarlıq: “Uşaq intiharları artıb”

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də son zamanlar intihar hallarının çoxaldığı təsdiq olunub. Komitədən Lent.az-a verilən məlumata görə, 2012-ci ildə Azərbaycanda uşaqlar tərəfindən 60 intihar halı baş verib: “Onlardan 32-si oğlanlar, 28-i qızlar tərəfindən törədilib. 2013-cü ilin tam rəsmi statistikası isə hələlik yoxdur. Ayrı-ayrı təşkilatlar tərəfindən aparılan statistika tam rəsmi statistika deyil. Ümumiyyətlə, son illərin statistikasına əsasən, ölkədə məktəblilər tərəfindən törədilən intihar halları çoxalıb”.

 

Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Lent.az-a açıqlamasında bildirib ki, 2013-cü ildə intihar edənlər arasında ən azyaşlı uşaq 9 yaşında olub. Bu hal Daşkəsəndə qeydə alınıb. Hələlik intihar edən məktəblilər arasında ən aşağı yaş bu sayılır. Ümumiyyətlə isə intihar edən uşaqlar arasında ən riskli yaş dövrü 9-18 yaşdır. Bu yaş dövrü daha çox insanın daxili aləmi, qorxuları, psixi düşüncələri ilə bağlı ciddi dəyişikliklərin baş verdiyi dövrdür. Sonrakı yaşda baş verən intiharlar isə daha çox başqa səbəblər – sevgi, şəxsiyyət problemləri, sosial problemlər və s. ucbatından baş verir. İntihar edən uşaqlar arasında oğlanlar üstünlük təşkil edir: “Ümumiyyətlə, intihar hadisələri içərisində ən çox intihar edən kişilər olur. Uşaqlar arasında isə oğlanlar. Bunun nə ilə əlaqədar olması psixoloqların işidir. Amma bu fakt öz-özlüyündə maraqlıdır”.  

 

Səbəblər

 

Komitə rəsmisi deyir ki, məktəb yaşlı uşaqlar arasında intiharların baş verməsinin müxtəlif səbəbləri var. İntiharların səbəbləri arasında ailədaxili münasibətlərdən yaranan ziddiyyətlər, uşaqların müəyyən yaş mərhələlərində keçirdikləri psixoloji sarsıntılar, depressiyalar, məktəbdə həmyaşıdlar arasındakı münasibətlər, dərs hazırlama qabiliyyətlərinin aşağı olması kimi müxtəlif səbəblər var: “İntihar hadisələri tək Azərbaycanın deyil, dünyanın problemidir. Dünyada aparılan tədqiqatlara əsasən, 10-13 yaşlı uşaqların intihar etməsi əsasən ailədaxili ziddiyyətlər əsasında olursa, 14 yaşından 20 yaşa qədər intiharların səbəbləri daha çox şəxsi münasibətlər zəminində baş verən intiharlardır”.

 

Komitə uşaq intiharlarının qarşısını almağın əsas yolunu maarifləndirmədə görür: “Komitənin əsas funksiyalarından biri uşaq hüquqlarının müdafiəsidir. Bu sahədə daha çox maarifləndirici işlər aparılır. Komitənin 11 regionda uşaq və ailələrə dəstək mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər risk qrupuna aid olan ailələr ilə mütəmadi iş aparır. Bu işlər nəticəsində həmin qruplardan olan çoxsaylı uşaqları ümumiyyətlə, zərərli vərdişlərdən çəkindirmişik. Ailədə psixoloji iqlimin yaxşı olmasına hər bir ilə üzvü çalışmalıdır.

 

2007-ci ildən bu yana risk qrupuna daxil 57 min ailəyə dəstək göstərilib. Tək uşaqlar arasında deyil, həm də valideynlər arasında maarifləndirmə işləri aparılmalıdır. Valideynlər uşaqlarla daha çox ünsiyyətdə olmalı, onların hərəkətlərini, gündəlik fəaliyyətlərini, davranışlarını izləməlidirlər. Bu, həm pedaqoqların, həm də valideynlərin məsuliyyətində olan məsələdir. KİV-lər intihar hadisələrin təfərrüatlarını yazmaqdansa, onun fəsadları barədə yazılar hazırlasalar, daha yaxşı olar. Saytlarda, telekanallarda, qəzetlərdə bu cür mövzulara toxunulması daha yaxşıdır”.

 

Komitə rəsmisi bəyan edib ki, istənilən məktəbli intiharının kökündə ailədə valideyn məsuliyyəti, uşaqların valideynlə düzgün münasibətinin olması dayanır. Uşaqlarda özgələşmə, özünə qapanma olmamalıdır. Bunun üçün valideynlər və məktəb psixoloqları xüsusi işləməlidirlər: “Hər uşağın mənəvi aləmi fərdidir. Yaşının müəyyən dövrlərində fizioloji, psixi dəyişmələr baş verir. Bu dəyişmələr bəzən normal gedir, bəzilərində isə müəyyən fəsadlarla müşayiət olunur. Belə dəyişikliklərin nəticəsində ayrı-ayrı yaş dönəmlərində uşaqlarda depressiya, aqressiya, özünə qapanma, özünü ifadə edə bilməmə yaradır. Bəzən uşaqlar yaxınlarının diqqətini çəkmək üçün ən zərərli vərdişlərə belə özlərini məcbur edirlər. Bunlar narkomaniya, alkoqolizm, xoşagəlməz davranış nümunələri və intihar halları ola bilər”.

 

Təhsil Nazirliyinə tövsiyə olunarsa...

 

Oxşar sualla Təhsil Nazirliyinə də müraciət etdik. Nazirliyə aşağıdakı sualları ünvanladıq:

 

Son zamanlar məktəb yaşlı uşaqlar arasında intihar halları çoxalıb. Təkcə 2014-cü ilin ilk günlərində 3 belə fakt (2-si Şamaxıda, 1-i Bakıda) qeydə alınıb. Təhsil Nazirliyi bu faktlarla bağlı konkret araşdırma aparıbmı və araşdırmalar hansı nəticələri üzə çıxarıb?

 

Əgər nazirlik bununla bağlı araşdırma aparmayıbsa, buna səbəb nədir?

 

Məktəblilər arasında intihar halları ilə bağlı Təhsil Nazirliyinin məktəblərə və valideynlərə yönəlik hansı kompleks planı var?

 

Lent.az-ın sorğusuna nazirlik belə cavab verib: “Baş verən intihar hadisələri ilə bağlı aidiyyəti üzrə müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Bununla əlaqədar yekun materiallarda Təhsil Nazirliyinə aid müəyyən tövsiyələr nəzərdə tutulduğu halda, müvafiq tədbirlər həyata keçirilə bilər”.

 

İntihar halları orta məktəblərdə psixoloqlar məsələsini də bir daha gündəmə gətirib.  Xüsusən də həssas yaş dönəmində olan uşaqlar üçün “Psixologiya” fənninin keçilməsi zəruridir. Nazirlikdən verilən məlumata görə isə ümumtəhsil məktəblərində “Psixologiya” fənninin tədrisi nəzərdə tutulmur. Bununla belə, məktəblərdə psixoloji xidmətin gücləndirilməsi, şagirdlərdə iradi keyfiyyətlərin formalaşmasına diqqətin artırılması istiqamətində valideynlərlə birgə işlərin aparılmasını Təhsil Nazirliyi vacib hesab edir. Bu yanaşmada nazirlik ümumi təhsil müəssisələrində müvafiq qurumlarla araşdırılmaların və təhlil işinin aparılmasını, mütəxəssislərlə görüşlərin təşkilini və buna uyğun tədbirlər planının hazırlanmasını nəzərdən keçirir.

 

Qəddarlığı təbliğ edən oyunlar...

 

Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev isə intiharların qarşısını almağın əsas yolunu məktəb yaşlı uşaqların internetə çıxış imkanlarının azaldılmasında görür. Onun sözlərinə görə, uşaqların psixoloji durumunun zəif olması intiharlara gətirib çıxarır. Araşdırmalar göstərir ki, intiharlar həyat səviyyəsi yuxarı olan ölkələrdə daha çox olur. Son zamanlar uşaqların internetə olan marağı, qəddarlığı təbliğ edən oyunlar, ölüm, qan onlar üçün bir növ gündəlik həyat tərzinə çevrilir: “Ona görə də uşaqlar intiharları çox asanlıqla həyata keçirilər. İntihar özü çox ağır bir prosesdir. Bunun qarşısını almaq üçün ailədə, məktəblərdə uşaqlarla işləmək lazımdır. İntihar etmək istəyən şəxslər bundan öncə müəyyən izlər buraxırlar. Adətən facebook səhifələrində intihara meylli yazılar yazırlar, özünə qapanırlar. Depressiyaya düşürlər.  Uşaq müdafiə sistemini gücləndirməklə intiharların qarşısını almaq olar. İntiharlar daha çox risk qrupuna daxil olan ailələrdə baş verir. Onları müəyyənləşdirmək olar. Lakin ilk növbədə dövlət orqanları uşaqların internetdən istifadəsi üzərində nəzarəti gücləndirməlidirlər. Məktəblərdə uşaqların mobil telefonlara, internetə çıxış imkanları azaldılmalıdır”.  

 

Bir il ərzində 2866 müraciət

 

"Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin rəhbəri Gülnar Ağayeva isə Lent.az-a deyib ki, yarandığı gündən indiyədək xidmətə 8000-dən çox müraciət daxil olub. Ötən il isə “qaynar xətt”ə 2866 uşaq müraciət edib. Gülnar Ağayeva deyir ki, “Uşaq Qaynar Xətt” xidmətinə suisidlə bağlı müraciətlər də daxil olub: “Bu problemlə əlaqədar “qaynar xətt”in psixoloqu ilkin psixoloji konsultasiya işi həyata keçirir. Bu problemlə daha çox yeniyetmələr müraciət edib. İntiharın səbəbləri müxtəlif olur. Ailədaxili konfliktlər, sevgi, özünüqiymətləndirmə, valideyn-övlad münasibətlərində yaranan problemlər bura daxildir. Adətən müraciət edənlər bunu onları bu fikirdən yayındırmaq, intihar cəhdinə mane olmağımız üçün edirlər. Yəni, ilkin addımı atıb müraciət edirsə, demək, problemin həll olunmasına ümidi var. Öncə psixoloq-konsultant tərəfindən müraciət edənin problemi diqqətlə dinlənilir, emosional vəziyyətinin stabilləşməsi üçün yardım göstərilir. İlkin psixoloji yardım göstərildikdən sonra problem araşdırılır, qiymətləndirilərək, konsultasiya işi davam etdirilir”.

 

Xidmət rəhbəri ölkədə məktəbli intiharlarının qarşısını almaq üçün zəncirvari mübarizə metodu təklif edib: “Hər birimiz ətrafımızda olan insanlara qarşı biganə olmamalıyıq. Ailədə valideynlər, məktəbdə pedaqoq və psixoloqlar xüsusilə diqqətli olmalıdırlar. Yəni intihar hallarının baş verməməsi üçün ilkin profilaktik tədbirlər həyata keçirilməlidir. Bura həmçinin maarifləndirmə işləri də daxildir. Valideynlər bəzən övladlarına qadağalar qoyarkən onların hisslərinə, düşüncə tərzlərinə qarşı diqqətli olmalıdırlar. Birlikdə övladları ilə bir çox mövzuları müzakirə etməli və bu yolla da övladının düşüncə tərzini, situasiyalara münasibətini öyrənməlidirlər. Həmçinin də məktəbdə psixoloq uşaqlarla işləməli, problemlərini öncədən müəyyənləşdirərək bu istiqamətdə yardımçı olmağa çalışmalıdır. Problemin qarşısını yaranmamışdan öncə almaq lazımdır ki, bunun üçün də maarifləndirmə işlərinin aparılması böyük əhəmiyyət kəsb edir. Bu, zəncirvari

xarakter daşıyır. Ailə, təhsil müəssisəsi, pedaqoq və psixoloqlar əlaqəli işləməlidirlər. Yaranmış problemləri zamanında həll etmək lazımdır ki, daha sonra fəsadlarla üzləşməyək”.

 

Mütəxəssis rəyi

 

“Narınc” uşaq psixologiya mərkəzinin psixoloqu Vəfa Rəşidovanın sözlərinə görə, intiharlar əsasən yeniyetmə uşaqlarda baş verir: “Suisidial hallar adətən valideynlərin uşaqların ağlamalarına, isterik hallarına soyuq yanaşmalarından irəli gəlir. Belə halda valideynlər övladları ilə daha yaxından maraqlanmalı, onların ruh halını diqqətdə saxlamalıdırlar. Adətən yeniyetmələr tez-tez “özümü öldürəcəm, intihar edəcəm” kimi ifadələr işlədirlər. Əslində buna addım atmırlar. Bununla onlar valideynlərin diqqətini çəkmək istəyirlər. Valideynlər bütün günü gərgin qrafikdə işləyirlər, uşaqlara vaxt ayırmalarında problem olur, lakin ən azı heç olmasa gündə 1 saat da olsa, yeniyetmə ilə maraqlanmaq lazımdır. Valideynlər tərəfindən uşaqlara diqqətin azalması bu problemlərə gətirib çıxarır. Yeniyetmə hansısa situasiyaya düşübsə, onu dinləyib kömək etmək daha gözəl olar, nəinki tənqid etmək. Valideynlərinin davamlı tənqidi də yeniyetmələrdə suisid hallarına gətirib çıxarır. Ailədə tez-tez münaqişələr, məktəbdə konfliktli münasibətlər, qarşılıqsız sevgi də intihar hallarına gətirə bilər”. 

 

V. Rəşidovanın sözlərinə görə, suisidial vəziyyət yaşayan yeniyetmələr həftədə ən azı 3 dəfə psixoloqla görüşməlidirlər: “Lakin belə halların baş verməməsi üçün istənilən halda əsas məsuliyyət valideynlərin üzərindədir. Valideynlər daha anlamlı olmalıdır. Yeniyetmə aqressiv vəziyyətdə olanda onun üzərinə gəlmək lazım deyil. Gözləmək lazımdır ki, o sakitləşsin. Yalnız bundan sonra onunla hansısa məsələni müzakirə etmək olar”.

 

Qarşısı alına biləcək ölüm...

 

İntiharın “wikipedia”da rəsmi tərifində deyilir: “İntihar qəza olaraq və şüur yerindəykən bədbəxtçilik nəticəsində özünü öldürməyə deyilir. İntihar qarşısı alına biləcək ölüm səbəbidir”. 

 

Qarşısı alına biləcək ölüm səbəbi nədən alınmaz olur? Nədən doğmaca valideynlər, məktəblər, müəllimlər, rəsmi qurumlar, vətəndaş cəmiyyəti, nəhayət, dövlət orqanları gün-gündən çoxalan məktəbli intiharlarına “dur” demir? Səbəblərini araşdırmır, nəticələrini təhlil etmir?

 

Biz susduqca, kəndirlər danışır axı...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4097
avatar

Kəmalə Quliyeva

Oxşar yazılar