Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Bu səbəbdən tarixən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. Uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir. Bu baxımdan Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunan 1 iyun tarixinin özünəməxsus yeri vardır. 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülərək qəbul edilmişdir. Həmin tarixdən etibarən dünyanın əksər ölkələrində 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur.
Respublikamız da bu mühüm məsələyə daim diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirmiş, həmin vaxt səhiyyə, mədəniyyət, təhsil ocaqlarının, məktəbdənkənar müəssisələrin şəbəkəsinin genişləndirilməsi uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına öz təsirini göstərmişdir. Ulu Öndər deyirdi: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.
Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Uşaqların Beynəlxalq Müdafiəsi günü Azərbaycanda da qeyd edilir. Respublikamız uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə də BMT-nin Uşaq Fondu – UNİCEF-lə sıx əməkdaşlıq edir. UNİCEF Azərbaycanda öz fəaliyyətinə 1993-cü ilin oktyabr ayından başlamışdır. Təsadüfi deyildir ki, Azərbaycan UNİCEF-in təşəbbüsünə qoşularaq uşaqların hüquqlarının qorunmasının təminatçısı kimi çıxış edib. 1994-cü ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev BMT-nin iqamətgahında Uşaq Hüquqları Konvensiyasını imzalayıb, daha sonra isə Azərbaycan Respublikası Avropanın Nigahdankənar Doğulmuş Uşaq Hüquqları Konvensiyasına qoşulub. Konvensiyada uşaqların sağlamlığına,sosial təminatına, təhsil və tərbiyəsinə, həyat səviyyəsinin yüksəldilməsinə, asudə vaxt və mədəni həyatının təşkilinə dair maddələr öz əksinə tapmışdır.
Azərbaycan Respublikası Konstitusiyamızı, beynəlxalq sənədləri rəhbər tutaraq ölkəmizdə 1998-ci ildə “Uşaq hüquqları haqqında” qanun qəbul etmişdir. Uşaq hüquqları haqqında qanunvericilik – uşaqlar haqqında dövlət siyasəti, uşaq hüquqlarının müdafiəsi, onun mənafeyinin üstünlüyü, yaşamaq və inkişaf etmək hüququ, həyatın və sağlamlığın müdafiəsi, ad və vətəndaşlıq, tərbiyə almaq, azadlıq, zəruri maddi təminatı, vicdan , fikir və söz hüquqları, uşaqların əsas vəzifələrini müəyyən edən 16 maddədən ibarətdir. Qanunvericilikdə həmçinin uşaqların təhsil, istirahət, ictimai təşkilatlarda birləşmək, şərəf və ləyaqətinin müdafiəsi, uşaqların istismarı və zərərli təsirlərdən mühafizəsi də öz əksini tapmışdır.
Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb və görülməkdədir. Ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilməkdədir. Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsinə məsul əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə Azərbaycan Respublikası Prezidentinin 6 Fevral 2006-cı il tarixli Fərmanı ilə yaradılmışdır və ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən dövlət orqanıdır. Komitə mövcud yerli və beynəlxalq qanunvericilik və normativ aktlara uyğun olaraq Azərbaycan Respublikasında uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi vəzifələrini daşıyır. Uşaqların sosial müdafiəsi, onların təhsil və səhiyyə sahəsindəki hüquqlarının həyata keçirilməsi “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Strategiyası (2003-2005)”nda öz əksini tapmış, bu istiqamətdə başlanan işlər “Yoxsulluğun Azaldılması və Sosial İnkişaf üzrə Dövlət Proqramı (2006-2015)” çərçivəsində də davam etdirilmişdir.
Heydər Əliyev Fondunun xalqımızın fiziki və mənəvi sağlamlığının təmin olunması və milli genefondunun qorunmasında gördüyü misilsiz fəaliyyəti danılmazdır. Dinamik inkişaf yolu tutan, yeniləşən Azərbaycanda ata-ana himayəsindən məhrum olan uşaqlara qayğı ilə yanaşmaq, onların mənəvi durğunluq keçirməmələrinə, cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrinə, sosial problemlərinin həllinə dəstək göstərmək Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı xətt təşkil edir. Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbüsü ilə həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişafı ” proqramı xüsusi aktuallığa malikdir. Bu layihəni həyata keçirməkdə Fondun məqsədi həm də cəmiyyətin diqqətini maddi və mənəvi qayğıya daha çox ehtiyacı olan uşaq evlərinə, internat məktəblərinə yönəltmək, xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına təlqin etməkdir.
Ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 2009- cu ili “Uşaq ili” elan edib. Bütün bu sadalanan amillər onu göstərir ki, Azərbaycanda uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından dövlət səviyyəsində bütün addımlar atılır. Lakin Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, uşaqların bir qisminin - qaçqın və məcburi köçkün uşaqlarının illərdən bəri doğma torpaqlarda, doğma ev-eşiklərində azad, sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmamışdır. Təcavüzkar Ermənistan Respublikası hələ də beynəlxalq hüququn tələbləri ilə hesablaşmayaraq işğal etdiyi əraziləri boşaltmır. 1000 nəfərdən çox körpəmiz ədalətsiz müharibənin qurbanı olub, Xocalıda, digər işğal olunmuş rayon və kəndlərimizdə amansızcasına qətlə yetirilib. Bu körpələrin fəryadını eşidən, onların səsinə səs verən hələ də yoxdur... Əgər yüksək tribunalardan uşaq hüquqlarından danışılırsa, beynəlxalq sənədlər qəbul edilirsə, müstəqil Azərbaycan bu konversiyalara qoşulursa dünya ictimaiyyəti bu vəziyyətlə barışmamalıdır. Ümid edirik ki, müharibə qurbanına çevrilmiş uşaqlarımızın hüquqları bərpa olunacaq, qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olan uşaqlarımız da öz bayramlarını doğma yurdlarında qeyd edəcəklər!
Nailə Məmmədova
“Azerbaijan Realities”