<b>Məhv edilən “seçilmişlər” və yaxınlaşan qorxunc təhlükə </b>- [b]<span style="color:red;">ARAŞDIRMA  [/b]
13 iyun 2016 11:30 (UTC +04:00)

Məhv edilən “seçilmişlər” və yaxınlaşan qorxunc təhlükə - [b]ARAŞDIRMA [/b]

 

Dünyanın 27 ölkəsində hamiləliyin süni pozulması – abort qətlə bərabər tutulur və cəzalandırılır. Bu ölkələrə Əfqanıstan, Anqola, Banqldeş, Venesuella, Misir, İndoneziya, İraq, İran, İrlandiya, BƏƏ, Suriya və s. ölkələri misal çəkmək olar.

 

Azərbaycanda isə bu məsələni Əhalinin Sağlamlığının Qorunması Haqqında qanunun 30-cu maddəsi tənzimləyir. Qanunda deyilir ki, hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ var. Hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək apara bilir. Sosial və tibbi göstərişlər üzrə süni pozulma hamiləliyin 22 həftəliyinədək aparıla bilər.

 

- Tibbi göstərişlərə əsasən və qadının razılığı olduqda hamiləlik müddətindən asılı olmayaraq, süni surətdə pozula bilər.

 

- Hamiləliyin süni surətdə pozulması dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən aparılır.

 

- Hamiləliyin süni surətdə pozulmasına dair tibbi və sosial göstərişlərin siyahıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

 

- Həkim tərəfindən xəstəxanalardan və ya başqa tibb müəssisələrindən kənarda hamiləliyin süni surətdə pozulması qadağandır.

 

Bu qadağalara baxmayaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statistikasına görə, 2014-cü ildə Azərbaycanda 27220 nəfərin hamiləliyi süni yolla sonlandırılıb. Bunlardan 8100 mini abort sayılır. Abortların bir çoxunun həkim nəzarəti olmadan ev şəraitində (müəyyən dərmanlar qəbul edilərək) aparıldığını nəzərə alsaq, bu rəqəmin real göstəricilərdən az olduğunu söyləmək mümkündür.

 

“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, rayon yerlərində hələ də qız uşaqları ilə bağlı stereotiplər çoxdur: “İldə 10-12 qadın bizə müraciət edir. Əsas müraciətlər rayon yerlərindən olur. Bir neçə fakt olub ki, qız uşağı doğulduqdan sonra boşanma baş verib. Baxmayaraq ki, ailənin ilk övladı olub. Kişilər düşünür ki, onların həyat yoldaşı oğlan uşağı dünyaya gətirməlidir. Oğlan dünyaya gətirmirsə, onun başı aşağı olur. Həmçinin, oğlan uşağı dünyaya gələnə qədər qız övladlarını dalbadal abort etdirənlər də olur”.

 

Hər il 170 milyon insan dünyaya gəlmədən məhv edilir. Bu da sonrakı illərdə doğulan uşaqların sayında cins nisbətinin pozulmasına gətirib çıxarıb. BMT-nin Əhali Fondunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Türkiyənin Hacettepe Universiteti ilə birgə hazırladığı hesabatda da göstərilir ki, doğulan uşaqların cinsə görə nisbəti kəskin dəyişir. Bioloji prosesin nəticəsi olaraq bu göstərici (yəni oğlan uşaqlarının sayı) heç bir xarici müdaxilə olmadığı təqdirdə 103-106 arasında dəyişir. Belə ki, hər il doğulan 100 qıza 103-106 oğlan düşməyinin normal olduğu halda Azərbaycanda hər 100 qıza 117 oğlan düşür. Ümumdünya Əhali Perspektivləri (BMT 2011) sənədinə əsasən, Azərbaycan dünyaya gələn uşaqların cinsinə görə nisbətin pozulması göstəriciləri üzrə dünyada Çindən sonra ikinci yerdədir. Bu göstəricilər qonşu Gürcüstanda hər 100 qıza 111, Ermənistanda isə 115-dir. Doğulan uşaqların cinsinə görə nisbəti haqqında Dövlət Statistikası Komitəsi tərəfindən toplanmış məlumatlar da bu tendensiyanı tədqiq edir. Aparılan təhlilə əsasən, dünyaya gələn qız və oğlan uşaqlarının nisbəti 1980-ci illərin əvvəllərində 100 qız və 105-106 oğlan təşkil edirdisə, 1998-ci ildə bu göstərici doğulan hər 100 qıza 118 oğlan həddinə çatıb. Son illər bu nisbətdə cüzi azalma (117) müşayiət olunur.

 

Bu nisbətin pozulmasının səbəblərindən biri, bəlkə də birincisi selektiv abortdur. 1990-ci illərdə texnologiyanın inkişaf etməsi ana bətnində uşağın cinsini erkən həftələrdə təyin etməyə imkan verirdi. Digər səbəb kimi sovet rejiminin dağılması, Azərbaycanın yeni müstəqillik əldə etmiş ölkə kimi keçid dövrü yaşaması, üstəlik də Qarabağ müharibəsi insanların sosial rifahına mənfi təsir göstərib. Sadəcə 2 övlada baxacaq gücdə olan ailələr doğulacaq körpələrdən birinin qız, digərinin oğlan olması arzusu ilə ikinci, üçüncü hamiləlikdə uşağın cinsini öyrəndikdən sonra aborta üz tutub.

 

Mama-ginekoloq Tubu Əliyeva deyir ki, qız uşaqlarının abortu edilməsi üçün ona müraciət edən qadınları bu fikirlərindən daşındırmağa çalışır: “12-ci həftəyə qədər aborta qanun icazə verir, 12-ci həftəyə qədər də cinsiyyət bilinmir. Uşağın cinsi əsasən 13-14-cü həftələrdə bilinir. Oğlan uşağını çox nadir halda abort etdirirlər. Əksər qadınlar qarnındakı uşaq sırf qız olduğu üçün bizə müraciət edir. Biz onlarla söhbət aparıb geri qaytarırıq. Qadınları buna əsasən ərləri məcbur edir. Bəzən qadınlar özləri də ikinci qızı istəmirlər. Görəndə ki, qadın özü istəmir, əri məcbur edir, onda qadının əri ilə də söhbət edirik. Ana bətnində uşağın cinsinə görə Ultra Səs Müayinə edilməsi qadağan olunsa, yaxşı olar. İndi çox həkimlər abort eləmir. Buna dinin təsiri də çoxdur. Günaha batmaqdan qorxurlar”.

 

İlahiyyatçı Elşad Miri də bildirir ki, İslam dinində ana bətnindəki uşağı məhv etmək diri insanı öldürmək kimidir, cinayətdir: “Əgər həkim rəy versə ki, uşağın qalması ananın həyatı üçün təhlükəlidir, o zaman ananın sağ qalması üçün uşaq tələf edilə bilər. Bir insan bir insanı öldürəndə baxmırlar ki, öldürdüyü qadındır, ya kişidir. Cinayət törədibsə, bir canlını məhv edibsə, eyni cəzadır. Dində də belədir. Əgər elə bir şey olsa, bu, diskriminasiya olardı. Halbuki peyğəmbərimiz həmin dövrdə cəmiyyətdə qız uşaqları ilə bağlı yanlış fikirləri aradan qaldırmaqdan ötrü qız uşaqlarına daha çox üstünlük verilməsinə tərəfdar idi. Qeyd edirdi ki, 3 qız böyüdənlə birlikdə (Cənnətdə) olacaq. Peyğəmbərimizin nəsli məhz qız uşaqları vasitəsilə davam etdirilib. "Qurani Kərim"də də buyurulur ki, uşağın cinsiyyətini deməzlər. Çünki burada əsas kimi onun saleh, xeyirli övlad olması götürülür".

 

Özəl klinikalarında birində süni mayalandırma üzrə koordinator olan Eltun Rəcəblinin sözlərinə görə, süni mayalandırmaya gələn cütlüklər daha çox oğlan uşağına üstünlük verir: “Süni mayalanma prosesi gedəndən sonra embrionların inkişafı zamanı dölün cinsiyyətini əvvəlcədən müəyyən etmək üçün onların genetik araşdırılması aparılır. Və ordan XY xromosomu (kişi cinsi) seçilir. Sonra həmin XY xromosomlu embrion qadına transfer edilir. Bizim statistikamıza görə, əsasən oğlan seçilir. 48-in 52-yə nisbəti. Ola da bilir ki, cütlüyün 3 oğlu var. Dördüncü övladını qız istəyir.

 

Milli Məclisin Səhiyyə komitəsi “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi hazırlayıb. Komitənin sədr müavini, millət vəkili Musa Quliyev mövzu ilə əlaqədar bildirib ki, həmin qanun bu il qəbul ediləcək: “Həmin layihə yaxın aylarda qəbul ediləcək. Həmin qanunda xüsusi bənd var ki, selektiv abortların olunması və ana bətnində uşağın cinsinə görə Ultra Səs Müayinə edilməsi qadağandır. 12 həftəlikdən sonra hamiləliyin süni şəkildə pozulması yalnız konsilium müəyyən edə bilər. Bütün bunlar ona yönəlib ki, uşağın cinsinə görə müayinənin aparılması və selektiv abortlar qadağan olunsun. Qanun normalarını pozanlar üçün də çox ciddi intizam, o cümlədən inzibati və cinayət tədbirləri nəzərdə tutulub. Bu qanun bu il qəbul ediləcək”.

 

Azərbaycanda oğlan uşaqlarına üstünlük verilməsinin səbəbləri çoxdur: qızlar köçəri quşdur, oğlan isə nəsli - soyadı davam etdirir. Qadının qazancının bərəkəti olmaz, ailənin əsas maliyyə dəstəyini kişilər edər. Qızı maddi cəhətdən böyütmək çətin (cehiz, paltar, təhsil, boşandığı halda ata-ana evinə qayıdacaq) olduğu halda, oğlanlar ailənin, millətin, vətənin qoruyucusudur. Valideynlərin vəfatı ilə bağlı adət-ənənələri yerinə yetirmək də ailənin oğlan övladının boynuna düşür. Yuxarıdakı fikirlər Azərbaycan cəmiyyətinin qız-oğlan övladları ilə bağlı baxışlarının əksidir.

 

Əsasən kənd yerlərində kişilər daha çox oğlan övladına sahib olmaq istəyir. Qadınların etiraz etməyə haqları yoxdur. Bütün qərarları kişilər verir. Qızı dünyaya gələn kişiyə “gəncsən, oğlun da olacaq” kimi təsəlli verirlər. Oğlu olmayan qadın insanlar tərəfindən böyük təzyiqə məruz qalır. Hətta onun yenə qızı olarsa, intihara qədər gətirib çıxarırlar.

 

Arzu Səmədova (ad şərtidir) ikinci qızına hamilədir: “Nədənsə, bu mən və həyat yoldaşımı deyil, ətrafı narahat edir. Bu uşağa hamilə qalandan cinsinin qız olduğunu bilənlər “sağ-salamat doğulsun” əvəzində “neynirsen, abort etdir”, yaxud “eybi yoxdu, üçüncü oğlan olar”, deyirlər. Ən acısı da belə danışanların əksəriyyətinin qadın olmasıdır”.

 

Selektiv abortların qarşısını alan tədbirlərin həyata keçirilməsi zəruridir. Bunun üçün kommersiya məqsədi olan səhiyyə işçilərinə müvafiq sanksiya qoyan qanunvericilik tədbirlərinə əlavə olaraq, gender bərabərliyi və ana sağlamlığı üzrə məlumatlandırma kampaniyalarının başlanmasına ehtiyac var. Bu konteksdə 2008-ci ildə təklif edilmiş Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında qanunun ilkin variantı dərhal qəbul edilməlidir. Kontraseptiv vasitələrdən istifadənin aşağı səviyyədə olmasını nəzərə alaraq müasir ailə planlaşdırılması üsullarının abortla müqayisədə üstünlükləri haqqında məlumatlandırılma artırılmalıdır. Xüsusilə daha bir uşağın olmasını istəməyən qadınların ehtiyaclarını qarşılayacaq ailə planlaşdırılması üzrə konsultasiya xidmətlərini prioritet təşkil edir.

 

Azərbaycanda əhalinin sosial-iqtisadi vəziyyəti ilə nəsilvermə tərcihləri arasında əlaqələrin olduğunu nəzərə alsaq, ailə-uşaq imtiyazları və sosial yardım proqramlarının hazırlanması faydalı olacaq.

 

Əhalinin böyük hissəsinin sağlamlıq sığortası ilə əhatə olunmaması nəticəsində ümumi səhiyyə, reproduktiv, habelə analıq və uşaq sağlamlığı xidmətlərindən yararlanma göstəriciləri aşağı səviyyədədir. Bunu nəzərə alaraq, sağlamlıq sığortasının əhatə dairəsini genişləndirmək tövsiyə olunur. Bu yanaşma, həmçinin, yaşlı dövr təminatı ilə əlaqədar oğul uşaqlarına qarşı olan gözləntiləri də dəyişmək üçün faydalı ola bilər. Habelə, mövcud patriarxal mentalitetin oğlan uşaqlarına üstünlük verilməsinə zəmin yaradan mexanizm olduğunu nəzərə alaraq, məktəbəqədər hazırlıqdan başlayaraq təhsil sistemində “gender üzrə maarifləndirmə” proqramlarına ehtiyac var.

 

Qadınların sosial, iqtisadi, hüquqi və siyasi mövqeyini gücləndirmək üçün tədbirlərə ehtiyac var. Bunun üçün Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvinə dair Konvensiyanın tam yerinə yetirilməsi tələb olunur.

 

Qadınların cəmiyyətdəki rolu, nüfuzu artırılarsa, hər il doğulan uşaqların cinsə görə nisbəti arasında kəskin fərq azala bilər. Bunun üçün də təbliğat mexanizmi önəmlidir. Qonşu Türkiyə bu sahədə artıq addımlar atıb. Televiziyalarda bu barədə “kamu spotu” adı altında sosial reklamlar yayımlanır. Sosial reklamda cəmiyyətə “biz qadınlarımıza güvənirik” mesajı verilir.

 

Psixoloq Elnur Rüstəmov deyir ki, bu mövzu ilə bağlı sosial çarxların çəkilməsi, təbliğ olunmasına çox böyük ehtiyac var: “Bu cür çarxların yayılması, paylaşılması insanların psixoloji durumuna müsbət təsir göstərir”.

 

“Reklam” haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 1-ci bəndində də belə deyilir ki, sosial reklam - insanların şüurunda ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına və təkmilləşdirilməsinə, onların diqqətinin cəmiyyətdəki sosial məsələlərə, mədəni irsi qorumağa cəlb edilməsinə yönəlmiş, maarifləndirmə və xeyriyyəçilik məqsədi daşıyan qeyri-kommersiya xarakterli məlumatdır.

 

Əgər təcili müdaxilə edilməsə, Azərbaycanda hər il doğulan uşaqların cinsə görə nisbətinin kəskin dəyişməsi nəticəsində ölkədə demoqrafik tarazlıq uzun müddətdən sonra elə bir nöqtəyə çatacaq ki, orada cins balansının təmin olunması qeyri-mümkün olmasa da, çox çətin olacaq. Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulması isə erkən nikah, zorakılıq, gender bərabərsizliyi, insan alveri, kriminal səviyyənin artması kimi nəticələrə gətirib çıxara bilər.

 

Yazı BMT- nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) tərəfindən keçirilən müsabiqəyə təqdim olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar