Bir müddət əvvəl Quba rayon Məhkəməsində anasının vəfatından sonra xalasının qəyyumluğunda yaşayan Nuray Bayramzadənin atasına verilməsi ilə bağlı məhkəmə qərarının icrası zamanı çəkilmiş videonun ictimailəşməsi böyük müzakirələrə səbəb oldu. Məhkəmə icraçılarının Nurayı xalasından qoparıb tez-tələsik atasına vermək cəhdləri, atanın acıqlı sifəti və söyüşləri, uşağın çığırtısı çoxlarının yaddaşındadır. Bu hadisə böyük mənəvi-psixoloji təsirə malik olduğu qədər Azərbaycanda uşaq hüquqlarının vəziyyətini də ortaya qoydu.
Bu günədək “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa 21 dəfə əlavə və dəyişiklik edilib. Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rafiq Alışov qanunda təkmilləşdirilməyə hələ də ehtiyacın olduğu qənaətindədir. Hüquqşünas “Quba Rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadənin xalasından alınaraq atasına verilən zaman yaşanan hadisələrə münasibət bildirərkən deyib ki, gələcəkdə belə hadisələrin baş verməməsi üçün qanunvericilikdə dəyişikliklər edilməli, məhkəmə icraçıları təlimə cəlb edilməli və uşağın alınması ilə bağlı icra prosesi psixoloqların yardımı ilə həyata keçirilməlidir: “Uşağın alınması bir neçə ay, hətta illərlə də çəkə bilər. Ata uşaqda sevgi yaratmalıdır ki, uşaq atası ilə yaşamağa razı olsun. Məcburi məhkəmə qətnaməsinin icrası həyata keçirilə bilmədiyi təqdirdə icra məmuru icranın mümkünsüzlüyü barədə məhkəməyə müraciət etməlidir”.
Məhkəmə çəkici altında əzilənlər...
Son vaxtlar Azərbaycanda uşağın anadan alınaraq ataya verilməsi hallarına tez-tez rast gəlinir və bu president məhkəmələrdə artıq adi hal alıb. Bir çox hallarda kişilər övladlarının gələcək həyatını, onun mənəvi-psixoloji vəziyyətini nəzərə almadan boşandıqları qadına qarşı müxtəlif üsullara əl atırlar. Bir müddət əvvəl saytlardan birində yayımlanmış “Şəki məhkəməsi övladı ataya deyil, əxlaqsız anaya verib” başlıqlı məqalə (başlığı internet resurslarında axtarışa verib yazı ilə tanış olmaq olar) vəziyyətin nə qədər ciddi və acınacaqlı olduğunu ortaya çıxarır.
Tanınmış vəkil Orxan Əhmədov məsələ ilə bağlı bildirib ki, uşaqların atanın himayəsinə verilməsi hallarına kifayət qədər rast gəlmək olar: “Bu məsələ, yəni nikahın ləğvindən sonra uşaqların hansı valideynin yanında saxlanılması məhkəmələrin ən ağrı-acılı yeridir. Məhkəmələrdə sırf bu məsələlərlə bağlı minlərlə, on minlərlə tələblər var. Adətən uşaqlar yetkinlik yaşına çatanadək ananın himayəsinə verilir. Amma uşağın atanın himayəsinə verilməsi üçün əsaslar da var. Buraya ananın uşağa qarşı cinayət törətməsi, uşaqlara baxımsızlığı, onlara qarşı analıq hüquqlarından sui-istifadə, narkomanlıq, spirtli içki aludəçiliyi, əxlaqsızlıq və s. daxil etmək olar. İstənilən halda 10 yaşına çatmış uşağın hansı valideynin yanında qalmaqla bağlı fikri mütləq qaydada nəzərə alınır. Burada ən ciddi məsələ odur ki, 10 yaşına çatmış uşaq fikrini sərbəst deyə, dərdini açıqlaya, qərar verə bilir və fikri nəzərə alınır. Amma 10 yaşı tamam olmamış uşağın fikri önəmli olmadığından nə qədər özünü ifadə etməyə çalışsa da, anasını onu döyməsi, işgəncə verməsini desə də, məhkəmə və icra hakimiyyəti bir çox hallarda bunu nəzərə almır və uşağı anasına verir. Uşağın mənafeyinin sırf 10 yaşı ilə əlaqələndirilməsi ilə bağlı məcburi-imperativ şərt hesab edirəm ki, düzgün deyil. Hər bir halda uşağın mənafeyi ilə bağlı yaşından asılı olmayaraq o, müəllimin, digər mütəxəssisin iştirakı ilə dindirilməlidir. Digər tərəfdən uşaqları bir-birindən ayırmaq da düzgün deyil. Qanunda da göstərilir ki, çalışılmalıdır ki, uşaqlar ayrılmasın, bir yerdə fərd kimi böyüsün və əgər belədirsə 10 yaşına çatmamış uşağın da fikri mütləq öyrənilməlidir və ümumi vahid mənafe naminə qərar qəbul edilməlidir”.
“Uşaqların 3-nün də ataya verilməsinə nail olduq”
Vəkil qeyd edib ki, uşağın hansı valideynin himayəsinə verilməsi çox həssas məsələdir və geniş araşdırmadan sonra bu barədə qərar verilməlidir: “Məsələn, icraatımda olan Sumqayıt məhkəməsindən bir işi xatırladım. Kişinin 3 qızı var idi. Onlardan ikisi 10 yaşından yuxarı idi, digərinin isə 5 yaşı vardı. Mən həmin kişini təmsil edərək 3 uşağın da atanın himayəsinə verilməsini xahiş etdim. Rayon və apelyasiya məhkəməsi iki uşağın 10 yaşı olduğundan onların ataları ilə qalması barədə qərar qəbul etsə də, 3-cü uşağın məhz 10 yaşından aşağı olduğundan onun fikirini nəzərə alınmamasını bəhanə edib uşağın mənafeyini tapdaladı. Daha sonra Ali Məhkəməyə müraciət etdim və kassasiya şikayətim təmin edilərək yeni qərar qəbul edildi və uşaqların hamısı ataya verildi. Bundan başqa, bir dəfə də Binəqədi məhkəməsində 2 yaşlı qız uşağının anasından alınaraq mənafeyi naminə atasına verilməsi prosesində iştirak etmişəm. Çünki anası uşağa baxmırdı, əxlaqsızlıqla məşğul olurdu, ata uşaq anadan olandan ona dayə tutaraq saxlayırdı, uşağa baxmadığı halda ödənilən alimenti şəxsi məqsədləri üçün israf edirdi və.s kimi hallar nəzərə alınaraq uşağın mənafeyi təmin olundu”.
Psixoloji yardım mütləqdir
Psixoloq Gülər Məmmədova hesab edir ki, valideynlərin boşanması zamanı uşağın onlardan birinə verilməsi qərarı verilərkən onunla psixoloji söhbət aparılmalıdır. Konkret Nuray Bayramzadənin məsələsinə gəlincə, həmin videoda atanın davranış pozuntusu aydın müşahidə edilirdi: “Bundan başqa, ata ilə heç bir kontakt olmadan birdən-birə emosional bağlantının məcburi şəkildə yaradılması çox absurd idi. Bunu hüquq-mühafizə orqanları öncədən düşünməli idi. Uşağın 9 ayından etibarən atanı görməməsi amili nəzərə alınmalı idi. Yeniyetməliyə keçid dövründə olan uşağın aqressiv şəkildə doğmasından ayrılması düzgün deyil. Nuray onsuz da anasını itirməklə travma alıb. Nuray natamam ailədə yaşayıb. Ona növbəti travmanı yaşatmaq və bu kadrları sosial şəbəkələrdə yaymaq Nuraya postravmatik stress yaradıb. Mən əminəm ki, Nuray gənclik dövrünə qədəm qoyana kimi psixoloqlar bu zədələri aradan qaldıracaqlar. Valideyn doğmalıq prinsipi ilə yanaşırdısa, dəyərlər sisteminə əməl etməli idi. Son zamanlar yeniyetmələrlə bağlı üzləşdiyimiz psixoloji travmalar, cəmiyyətdə baş verən bir çox neqativ hallar məhz natamam ailələrdə tərbiyə almış uşaqlardan qaynaqlanır.
Psixoloq hesab edir ki, Nuray Bayramzadənin psixoloji durumunun sabitləşməsi və tərbiyəsi onun ətrafında olan insanlardan birbaşa asılıdır. Bunu əsas gətirən G. Məmmədova N.Bayramzadənin yaxınlarına 10 yaşlı uşağa bu hadisəni xatırlatmamağı və ona psixoloji yardım göstərməyi tövsiyə edir.
Uşağın mülkiyyətini satıb onun gələcəyini təhlükəyə atırlar
Nuray Bayramzadə məsələsinin ictimailəşməsi və geniş müzakirələrə çıxarılması uşaqların mülkiyyət hüququ ilə bağlı durumu da üzə çıxardı. Hüquqşünas R.Alışov bildirib ki, Quba rayon İcra Hakimiyyətinin qəyyumluq-himayəçilik komissiyasının 2011-ci ilin oktyabrın 29-da Nurayı xalasının himayəsinə verilməsi barədə qərar qəbul edib. Əvəz Bayramovun Nurayı geri istəməsində başqa maraqlar olub. Nurayın anasının atadan qalma ev mülkiyyəti var. Həmin mülkiyyət qəyyumluq həyata keçiriləndən sonra xala vərəsəlik qaydasında Nurayın adına keçirib”.
Bu kimi məhkəmə çəkişmələrində dəfələrlə iştirak etmiş vəkil Orxan Əhmədov da uşaqların mülkiyyət hüququnun pozulması hallarının çox olduğu qənaətindədir. Onun sözlərinə görə, uşaqların hüquqlarının pozulması ilə bağlı problemlərdən ən çox rast gəlinəni valideynlərin birinin və ya hər ikisinin vəfat etməsindən sonra uşaqlar üzərində təyin edilən qanuni nümayəndələrdir. Bundan başqa, icra hakimiyyətlərinin təyin etdiyi qəyyumlar uşaqların sərəncamında olan mülkiyyətlə bağlı qərar verərkən uşaqların mənafeyinin əksər hallarda nəzərə alınmamasıdır: “Problem ondan ibarətdir ki, bir çox hallarda uşaqların mülkiyyətinə vərəsəlik yolu ilə əmlak keçirilir. Əmlak barəsində qəyyumun səlahiyyəti yoxdur ki, icra hakimiyyətinin razılığı olmadan sərəncam versin. Qəyyum icra hakimiyyətinə müraciət edir və uşağın mənafeyini müdafiə etməklə bağlı onun mülkiyyətində olan əmlakı satıb daha yaxşı yerdə digər mülkün alınmasına icazə istəyir. İcra hakimiyyəti də bəzən buna razılıq verir və uşağın mülkiyyətində olan əmlak özgəninkiləşdirilir. Daha sonra icra hakimiyyəti nəzarət etmir ki, həqiqətən bu əmlak uşağın mənafeyini müdafiə etmək baxımından qəyyumun bildirdiyi kimi yeni bir əmlakın alınmasına sərf edilibmi? Qəyyumçuluq və himayəçilik idarəsində qeyd edilən hansı əsasla satılmasına uyğun olaraq həyata keçirilibmi? Bu istiqamətdə hər hansı icra mexanizminə nəzarət çox təəssüf ki qənaətbəxş deyil.. Sadəcə razılıq verirlər və daha sonra bu məsələ ilə lazımi qaydada maraqlanmırlar. Ən böyük problemlərdən biri də budur”.
Son söz əvəzi
Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə, 10 yaşlı uşaq barəsində qəbul edilən bütün qərarlar barəsində fikiri mütləq dinlənilməlidir. Məcəllənin 51-ci maddəsi uşağın müdafiə hüququnu, 55-ci maddəsi isə uşağın əmlak hüquqlarını təmin edir. Qanunlar mükəmməl olmasa da, uşaqların hüquqlarını kifayət qədər təmin edir. Bunu praktikada tətbiq etmək, uşaqların hüquqlarını sonadək qorumaq isə həm dövlətin, həm cəmiyyətin, həm də fərdlərin üzərinə düşür. Nuray Bayramzadənin dərin psixoloji sarsıntı keçirməsi bahasına olsa da, bu kimi məsələlərin ictimailəşməsi və gündəm yaratması uşaqlarla bağlı daha diqqətli olmağa sövq edir. Bu arada onu da qeyd edim ki, Nurayın seçib yanında yaşadığı xalası Mehriban Eldarova onun atası Əvəz Bayramovun hələ də qızı ilə görüşmədiyini, onun könlünü almaq üçün bir addım atmadığını deyib.
Göründüyü kimi, məhkəmə Əvəz Bayramovun lehinə qərar çıxardı. Amma bu qərar kağız üzərində qaldı. Bu cəmiyyətə və insanlara ciddi mesajdır.
Uşaqlarla ehtiyatlı olun. Onlar bizim gələcəyimizdir.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Uşaq hüquqlarının qorunması: milli/beynəlxalq qanunvericilik və təcrübə” mövzusuna dair müsabiqəyə təqdim edilir.