Zəngin enerji daşıyıcıları ehtiyatlarına malik olan Azərbaycan Respublikası beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etməklə yanaşı, enerji təhlükəsizliyi prinsiplərinə də dəqiqliklə əməl edir. Bu baxımdan dünya ictimaiyyəti digər sahələrdə olduğu kimi enerji təhlükəsizliyinin təmin olunması sahəsində də Azərbaycana etibarlı tərəfdaş kimi baxır. Qlobal miqyasda cərəyan edən proseslər göstərir ki, Xəzər regionu dünya dövlətləri üçün getdikcə daha çox maraq kəsb edir. Azərbaycan enerji siyasətinə böyük diqqət yetirərək milli maraqların təmini fonunda qlobal maraqlar baxımından bu sahədə uğurlu çoxtərəfli əməkdaşlıq strategiyasını müəyyənləşdirmişdir. Respublikamızın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir. Prezident İlham Əliyev xüsusi vurğulamışdır ki, Azərbaycan Respublikasının həyata keçirdiyi neft və qaz layihələri bu gün dünyada enerji inkişafının möhkəm bünövrəsidir.
Azərbaycanın malik olduğu karbohidrogen ehtiyatları hələ uzun müddət ölkəmizin bu sahədə tərəfdaş dövlətləri, o cümlədən Avropanı enerji ehtiyatları ilə etibarlı şəkildə təmin etməyə imkan verir. Belə ki, Azərbaycanda ən minimal hesablamalara görə, qaz ehtiyatları 2-3 trilyon kubmetr səviyyəsindədir. Neft ehtiyatlarının isə ən azı 100 il bəs edəcəyi proqnozlaşdırılır. Bu isə deməyə əsas verir ki, Azərbaycan yenə də enerji sahəsində çox önəmli və strateji tərəfdaş kimi rolunu oynayacaq. Bu rol reallaşan layihələrin çəkisindən asılı olaraq daha da artacaqdır. Yəni Azərbaycan Respublikası müasir dünya sistemində beynəlxalq siyasi proseslərin nüfuzlu aktoru kimi çıxış edir. Bu isə öz növbəsində Azərbaycanın beynəlxalq siyasi proseslərdə daha aktiv iştirakını səciyyələndirir. Beləliklə, Azərbaycan Respublikasının geosiyasi maraqları bütün sahələrdə öz milli dövlətinin qurulması və bu məqsədlərə nail olmaqla iqtisadi-siyasi, mədəni yükəslişinin əsas amilidir.
Nailə Məmmədova
“Azerbaijan Realities”