“Bu ilin fevralın ikinci yarısında magistraturaya sənəd qəbulu başlayacaq”. Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, magistraturaya qəbulla bağlı hər hansı bir dəyişiklik nəzərdə tutulmur. Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, magistratura ilə bağlı sınaq imtahanı keçirilməyəcək.
Qeyd edək ki, 2014-cü ildə magistraturaya qəbul imtahanının I mərhələsinin mart ayının əvvəlində, II mərhələsinin isə mayın sonlarında keçirilməsi nəzərdə tutulur.
Qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır. Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə və proqram seçiminə buraxılırlar, ikinci mərhələnin nəticələri elan olunduqdan sonra nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ixtisas seçiminə buraxılırlar və seçdikləri ixtisaslaşma siyahısına əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə qəbul olunurlar.
Bakalavrlar qəbul imtahanında iştirak etmək üçün TQDK-nın rəsmi internet saytında təyin olunacaq vaxtda “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına müvafiq sənədlərin əsillərini şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.