Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinə martın 2-də keçirilmiş birinci mərhələnin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanmış bakalavrlar buraxılırlar. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.
O qeyd edib ki, bunun üçün bakalavrlar 2014-cü il mayın 1-dən 5-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər:
”Proqramı seçib təsdiq etmiş bakalavrlar 2014-cü il mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər”.
Qəbul imtahanının ikinci mərhələsi mayın 25-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri onlara 50 test tapşırığı (45 ədəd çoxseçimli, 5 ədəd açıq tipli) təqdim olunmaqla yoxlanılır. Bakalavrların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
TQDK sözçüsü onu da qeyd edib ki, magistraturaya yalnız əyani təhsilalma forması üzrə plan yerləri verilib: “Yəni ali təhsil müəssisələrinin magistraturalarına qiyabi təhsil üzrə bakalavr qəbulu dayandırılıb. Plan yerlərinin sayı 6565 , onlardan dövlət sifarişi üzrə olanların sayı 2547-dir”.
E. Nağızadənin sözlərinə görə, 2014-cü ildə “Jurnalistika” ixtisasını seçmək istəyənlər üçün Qabiliyyət imtahanı keçirilib və 25 bakalavr həmin imtahandan “məqbul” alıb: “44 saylı proqramı yalnız həmin bakalavrlar seçə bilərlər. 27 saylı proqram üzrə ADPU-nun “Menecment (təhsilin təşkili və idarə olunması)” ixtisaslaşmasına müsabiqədə yalnız təhsil ixtisasları qrupunu bitirən bakalavrlar iştirak edə bilərlər.
Azərbaycan Turizm İnstitutunda “Turizm işi” ixtisaslaşması üzrə magistr hazırlığının aparılması nəzərdə tutulan beynəlxalq layihə yekunlaşdığına görə həmin ixtisaslaşmaya bu il qəbul aparılmayacaq.