Dünən Koreyanın Azərbaycandakı səfirliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Yevlax Şəhər İcra hakimiyyətinin dəstəyi ilə Yevlax şəhərində məskunlaşmış məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksinin 30 saylı orta məktəbində " Uşaqlar sülh istəyir" mövzusunda inşa-yazı və rəsm müsabiqəsi keçirilib. Lent.az-ın məlumatına görə, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunmuş müsabiqədə 80 şagirdə sülh və gələcək, Azərbaycan və Koreya mövzusunda inşa-yazı və rəsm sahəsində öz bacarıqlarını yoxlamaq imkanı verilib.
Müsabiqədən sonra uşaqlar səfirliyin əməkdaşları ilə birlikdə məşhur Koreya xörəkləri olan bulqoqi və kimçinin dadına baxıblar. Daha sonra isə müsabiqənin qalibləri tutduqları yerlərə müvafiq olaraq elektronik tablet, məktəb çantaları və dəftərxana dəsti ilə mükafatlandırılıblar.
Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətləri “Halla” Korporasiyası və “Ultra Construction and Engineering” tikinti şirkətləri korporativ sosial öhdəliklərinin tərkib hissəsi olaraq hədiyyələr təqdim etməklə tədbirə öz töhfələrini veriblər.
Qeyd edək ki, Koreyanı səfiri Çoi Suk-in tədbirdən bir gün öncə Yevlaxa səfər edərək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovla görüşüb, Yevlax şəhərində məskunlaşmış məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi ilə tanış olub.