Koreya səfiri Qənirə Paşayeva ilə ön cəbhəyə getdi
Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Choi Suk-in və onu müşahidə edən heyət Tovuz rayonuna səfər edib. Lent.az-ın məlumatına görə, Koreya səfiri ilk olaraq icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Q.Paşayeva ilə görüşüb. Görüş zamanı icra başçısı diplomata Tovuz rayonunun coğrafi mövqeyi, təbii resursları, iqtisadi və turizm potensialı barədə geniş məlumat verilib. Bundan sonra səfir Choi Suk-in Tovuzdakı Şəhidlər Xiyabanına gələrək torpaqlarımizin bütövlüyü uğrunda canlarından keçən şəhid oğulların məzarlarını ziyarət ediblər.
Səfir Choi Suk-in icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Q.Paşayevanın müşayiəti ilə Tovuz rayonunun girəcəyində ucaldılmış Qala abidəsinə də baş çəkib.
Daha sonra Koreyanın Azərbaycandakı səfiri Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində, ön cəbhə nöqtələrində də olub. Burada səfirə mürahibə dövrü ilə bərabər atəşkəs dövründə də Ağdamın və Tovuzun digər ön cəbhə kəndlərinin yaşadıqları barədə geniş məlumatlar verilib.
Koreya səfiri Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllini tapmasında maraqlı olduqlarını vurğulayıb. Tovuza ilk dəfə səfər etdiyini deyən Koreya səfiri rayonun çox xoşuna gəldiyini, maraqlı müzakirələr keçirildiyini və Tovuzla geniş tanış ola bildiyini deyərək ölkəsi ilə bu bölgə arasında əməkdaşlıq, ortaq layihələrin həyata keçirilməsi, humanitar istiqamətlərdə müxtəlif layihələrin genişlənməsinə dəstəyini əsirgəməyəcəyini də bildirib.
890