“Tibbi xidmət sahəsindəki şərtlər elədir ki, lisenziyasız işləmək daha sərfəlidir. Çünki əvvəla lisenziyanın qiyməti çox bahadır. İkincisi, lisenziyanın alınması üçün texniki tələblər sərtdir, sənədlərin toplanması, qeyri-rəsmi ödəmələr çoxdur. Bunların hamısını hesablayanda Bakıda kiçicik bir diş kabinetinin lisenziyalaşdırılması 10 min manata başa gəlir. Ona görə də çoxları lisenziyasız işləmək məcburiyyətində qalır”.
Ötən həftə Bakıda fəaliyyət göstərən stomatoloji kabinetlərin birində həmsöhbət olduğumuz həkim belə deyirdi. İyirmi ildən çoxdur bu sahədə çalışan, öz peşəsinin bilicisi və dövlətimizin qayda-qanunlarına hörmət edən şəxs kimi tanınan Arif həkimin (ad şərtidir – E.İ.) söylədikləri bir gerçəklikdir. Belə ki, indi Bakıda çoxmənzilli binaların birinci mərtəbəsində gizli fəaliyyət göstərən stomatoloji kabinetlərə tez-tez rast gəlinir. Baxmayaraq ki, bu cür özəl tibb müəssisələrində xidmətlərin keyfiyyəti, xəstələrlə davranış, müştəri axını da özünün ayrıca binası olan, bər-bəzəyi ilə seçilən ən tanınmış stomatoloji klinikalardan belə, geri qalmır. Amma Səhiyyə Nazirliyinin rəsmi icazəsi əsasında fəaliyyət göstərmək üçün rəsmi və qeyri-rəsmi icazə almaq prosedurları o qədər bahalı və mürəkkəbdir ki, özəl tibbi fəaliyyətlə məşğul olan səhiyyə obyektlərinin bir qismi qeydiyyatdan yayınır. Bu isə gizli fəaliyyətə, gizli iqtisadiyyata, vergidən yayınmalara gətirib çıxarır.
Nəzərə alsaq ki, hazırda təkcə Bakıda gizli, yəni rəsmi icazə olmadan fəaliyyət göstərən stomatoloji kabinetlərin, əczaçılıq müəssisələrinin, hətta klinikaların sayı yüzlərlədir, onda bunun dövlətə nə qədər ziyan vurduğunu hesablamaq çətin deyil. Elə səmimi şəkildə həmsöhbət olduğumuz stomatoloq-həkim də bunu etiraf edir: “Mən hər ay kommunal xərclərdən savayı vergi də ödəyirəm. Amma bunların hamısı qeyri-rəsmi ödənişlərdir. Hətta bir neçə yoxlamalar gəlir və onların da pulunu verib yola salırıq. Bilirəm ki, bunların hamısı qanunsuzdur, amma şərait belədir. Normal, ədalətli bir qayda olsa, mən lisenziya alıb işləməyin tərəfdarıyam. Çünki, lisenziya əsasında fəaliyyət göstərən tibb müəssisələrinin həkimlərinə heç kəs haqsız yerə irad tuta bilməz, ayağını dirəyib ondan pul tələb etməz. Amma indi elə vəziyyətdir ki, hər stomatoloji kabinet özünə lisenziya ala bilmir. Şəxsən mənim özümün qazancım o boyda xərcə və əzab-əziyyətə dəymir. Ona görə də lisenziyasız işləməyə məcburuq”.
“Proses çox qəlizdir, xərclər də çox”
Arif həkimi qayğılandıran məsələ odur ki, son bir neçə ayda lisenziyasız tibbi fəaliyyətlə məsul olmaq xeyli çətinləşib. Bu ilin fevralında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olan müəssisələr üçün cərimələr artırılıb. Onun sözlərinə görə, əvvəlki qanunda lisenziyasız tibbi fəaliyyətlə məşğul olmağın minimum cəriməsi 300 manat idisə, indi bu məbləğ 5 dəfə çoxdur. Belə ki, fiziki şəxslər bu qanun pozuntusuna görə 2 min manatdan 3 minə qədər cərimələnir. Dəyişikliyə əsasən, lisenziyanın alınması üçün müxtəlif dövlət orqanları həmin müəssisələrə baxış keçirməli və daha sonra Səhiyyə Nazirliyi tərəfindən lisenziya təqdim olunmalıdır: “Dəyişikliklərdən sonra yoxlamalar çoxalıb. Gələnlər də hamısı lisenziya olmadığı üçün cərimə yazır. Biz də birtəhər anlaşmağa çalışırıq ki, çərimə yazılmasın. Amma bu da asan məsələ deyil, bəzən heç anlaşmaq mümkün olmur, mümkün olanda isə xərc çox çıxır. Ona görə də gələn ilin əvvəlində lisenziya almağa çalışırıq ki, heç olmasa bundan sonra normal işləyə bilək. Amma proses çox qəlizdir, xərclər də çox. Görək axıra qədər gedə biləcəyikmi?!”
Azərbaycanda lisenziyalaşdırma sisteminin mürəkkəbliyi, bunun ölkədə kiçik və orta sahibkarlığın inkişafına maneələr yaradığı, korrupsiya riskini yüksəltdiyi bu sahədə aparılan araşdırmalar da təsdiq edir. Bu yaxınlarda İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi də Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu ilə birgə Azərbaycanda lisenziyalaşdırma sisteminin mövcud vəziyyətinə dair tədqiqat aparıb. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində apalan tədqiqatın nəticələrinə əsasən, hazırda Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına tətbiq edilən bütün növ icazə və lisenziyaların ümumi sayı 305-dir. Bunlardan 46-sı icazə, 1-i ekspertiza təyinatı, 90-ı xüsusi razılıq (lisenziya), 27-si xüsusi icazə, 1-i təsdiqedici qeyd, 2-si texniki talon, 3-ü texniki şərt, 1-i texniki baxış aktı, 2-si sərəncam, 39-u şəhadətnamə, 13-ü sertifikat, 19-u rəy, 3-ü rəsmiləşdirilmə, 2-si razılıq, 4-ü razılaşdırma, 2-si qeydiyyata alınma sənədi, 3-ü texniki pasport, 47-si isə sənədlərdir.
Ayrı-ayrı hökumət qurumlarının verdikləri icazələrin sayına gəlincə, bu sırada birinci yeri 35 növ lisenziya ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tutur. Fövqəladə Hallar Nazirliyi 31, Rabitə və İnformasiyalar Nazirliyi 26, Kənd Təsərrüfatı Nazirliyi 24, Mərkəzi Bank 18 fəaliyyət üzrə lisenziya və icazələr vermək səlahiyyətinə malikdir. Tibb müəssisələrinə lisenziya vermək səlahiyyətinə malik Səhiyyə Nazirliyinin isə payına 19 növ fəaliyyəti lisenziyalaşdırmaq düşür. Bütövlükdə nazirlik ölkədə üzrə ən çox lisenziya verən dövlət qurumları arasında 5-ci yerdədir.
Tədqiqatda o da qeyd olunur ki, 27 yanvar 1997-ci il tarixli fərmanda Azərbaycanda lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 40-dan çox olmayıb. Ancaq ölkə başçısının 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında” qanunda lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 240-dan 30 qrupa endirilmişdi. Sonradan müxtəlif əlavələrlə onların sayı 85-ə çatdırılıb, faktiki olaraq isə 240 fəaliyyət növü lisenziyalaşdırılıb. Bu isə o deməkdir ki, icra orqanları tədricən siyahını genişləndirib.
Xatırladaq ki, beynəlxalq təcrübədə lisenziya və icazələr mahiyyət etibarilə bir-birindən fərqlənir. Belə ki, Dünya Bankının definisiyasına görə isə lisenziya daha davamlı biznes fəaliyyətinə iddiaçının hazırlığını, icazə isə birdəfəlik fəaliyyətlərdə ictimai təhlükəsizlik və ətraf mühitlə bağlı normalara uyğunluğu təsdiqləyən sənəddir. Yəni lisenziya əsas biznes fəaliyyətini başlamağa imkan verir, icazə isə əsas biznes fəaliyyəti çərçivəsində konkret aktiv fəaliyyətlər üçün əldə edilir. Məsələn, özəl tibbi klinika açmaq üçün tibbi fəaliyyətlə məşğul olmağa imkan verən lisenziya, həmçinin klinikanın binasını tikməyə və ya orada şüalanmaya gətirib çıxara biləcək tibbi avadanlıqları quraşdırmağa imkan verən icazələr alınmalıdır. Azərbaycan qanunvericiliyinə görə isə lisenziya təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə sahibkarlıq fəaliyyəti növlərini həyata keçirməyə icazə verən dövlət sənədidir. Bu isə o deməkdir ki, Azərbaycan qanunvericiliyində lisenziya və icazə faktiki olaraq eyni hüquqi sənəd sayılır. Halbuki biznes fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin mərhələləri və tətbiqi metodları rolunu oynayan qeydiyyat, lisenziyalaşdırma, icazələrin verilməsi və yoxlamaların aparılması məqsədinə, səlahiyyət dairəsinə, müddətinə və digər xüsusiyyətlərinə görə bir-birindən fərqli məsələlərdir.
Ekspertdən təklif var
“Lisenziyalaşdırma fəaliyyəti: Beynəlxalq təcrübə və Azərbaycan reallığı” adlı tədqiqatın müəllifi Kənan Aslanlı deyir ki, Azərbaycanda lisenziyalaşdırma sahəsində ciddi islahatların aparılmasına, lisenziya və icazələrin sayının daha da optimallaşdırılmasına ehtiyac var. Onun fikrincə, mövcud qaydaların mürəkkəbliyi, lisenziya və icazələrin sayının çoxluğu ölkədə kiçik və orta sahibkarlığın inkişafına maneələr yaradır. Xüsusilə də lisenziyalaşdırma prosedurunun uzun çəkməsi, ödənişlərin məbləğinin yüksək olması sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənləri qeydiyyatdan çəkindirir: “Hər şeydən əvvəl lisenziya legitim tənzimləyici məqsəd daşımalıdır və ondan bürokratik əngəl kimi istifadə edilməməlidir. Lisenziyalaşdırma fəaliyyətinin iki əsas səbəbi və ya əsaslandırması var: ictimai maraqları qorumaq və məhdud təbii resurslardan səmərəli istifadə etmək. Lisenziyalaşdırma qaydalarının hazırlanması və tətbiqi zamanı bu amillər mütləq nəzərə alınmalıdır ki, istənilən şəxs öz biznesini rahat şəkildə qura bilsin”.
Azərbaycanda aidiyyəti qurumların lisenziya verilməsindən əsassız yubatma və imtina hallarına tez-tez rast gəlindiyini deyən ekspert lisenziya tibbi fəaliyyətlə məşğul olan müəssisələrin bundan daha çox əziyyət çəkdiyini söyləyir. O, hesab edir ki, istər özəl tibbi fəaliyyətinin, istərsə də sahibkarlığın digər sahələrinin stimullaşdırılması üçün lisenziyalaşdırma sistemi sadələşdirilməli, büroktarik əngəllərin aradan qaldırılması istiqamətində müəyyən addımlar atılmalıdır: “Məsələn, lisenziya müddətləri uzadıla və müddətsiz lisenziyaların sayı artırıla bilər. Hazırda əksər fəaliyyətlər üzrə lisenziya 5 il müddətinə verilir. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması lisenziyanın mövcudluğunu təsdiq edən sənədin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir. Əslində tətbiq edilən bir sıra lisenziyaların məhz kiçik və orta sahibkarlıq subyektlərinə yönəlik olması nəzərə alınaraq bu kateqoriyadan olan şirkətlərə və ya fiziki şəxslərə lisenziyaların müddəti, dövlət rüsumu və verilmə qaydaları baxımından güzəştlər edilə bilər. Üstəlik lisenziya verən dövlət orqanının yoxlamalar üçün səlahiyyət dairəsi dəqiqləşdirilməlidir”.
Sərt qaydalar keyfiyyətə xidmət edir?
Səhiyyə Nazirliyində mövcud lisenziyalaşdırma qaydalarının mürəkkəbliyini və özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün rəsmi icazə sənədlərinin toplanmasına uzun vaxt sərf olunduğunu təsdiqləyirlər. Ancaq nazirlikdə hesab edirlər ki, lisenziyalaşdırma qaydalarındakı sərt tələblər özəl tibbi fəaliyyətin məhdudlaşdırılmasına deyil, səhiyyə xidmətlərinin daha keyfiyyətli təşkilinə yönəldilib. Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, hazırda Azərbaycanda bu qurumun lisenziyası əsasında 512 özəl tibb müəssisəsi fəaliyyət göstərir. Bunlardan 255-i ambulator, 187-i stomatoloji, 70-i isə stasionar xidmət göstərir. Bütövlükdə Səhiyyə Nazirliyi tərəfindən respublikada tibbi fəaliyyət göstərməsi üçün 400-dən artıq özəl tibb müəssisəsinə və stomatoloji kabinetə lisenziya verilib. Ötən il ərzində müxtəlif növ tibbi xidmətlərin göstərilməsinə lisenziya verilməsi üçün Səhiyyə Nazirliyinə 126 müraciət daxil olub ki, onlardan yalnız 92-sinə lisenziya verilib. Fəaliyyəti qənaətbəxş olmayan 34 tibb müəssisələrinə isə lisenziyanın verilməsindən imtina olunub.
Lisenziyalaşdırmanın mürəkkəbliyinə gəlincə, nazirlikdə deyirlər ki, Azərbaycanda həkimlər sertifikasiyadan keçirilər və onlara öz ixtisasları üzrə sertifikatlar verilir. Bundan sonra həmin həkimlər tibb fəaliyyəti ilə məşğul ola bilərlər. Tibb müəssisələrinə isə lisenziya verilərkən hər şeydən əvvəl burada göstəriləcək xidmətin növü müəyyənləşdirilir. Yəni bilinməlidir ki, lisenziya üçün müraciət edən tibb müəssisəsi abmbulator, stomatoloji, yaxud stasionar xidmət göstərəcəklər: “Azərbaycanda özəl müəssisələrin müasir standartlara cavab verməsi üçün hazırlanan xüsusi tələblər var. Tibb müəssisələri bu tələblərə cavab verməlidir. Onlar sanitar-gigiyenik normalara cavab verməli, onların fəaliyyəti müəyyən olunmuş standartlar çərçivəsində olmalıdır. Eyni zamanda, onların sahəsi, qapılarının genişliyi, istifadə olunan materialları tələblərə uyğun olmalıdır. Nazirlik həmin uyğunluq sənədlərinə baxıb araşdırma aparır, əgər müəssisədə şərait tələblərə uyğundursa, ona lisenziya verir”.
O ki, qaldı rəsmi qiyməti 5500 manat olan lisenziyaların özəl tibbi xidmət göstərən səhiyyə müəssisələrə 10 min manata başa gəlməsinin səbəblərinə, nazirlik belə halların olduğunu təkzib edir: “Lisenziyaların qiyməti dövlət tərəfindən müəyyən olunur və heç bir halda əlavə ödəniş tələb edilə bilməz. Lisenziya almaq istəyən şəxs qeydiyyatdan keçir, lazımi sənədləri nazirliyə göndərilir. Bütün proses rəsmi qaydada, müvafiq sənədlər əsasında həyata keçirilir”.