Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında sərəncam imzalayıb. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, sərəncamla 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat ayrılıb.
Bu vəsait kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara olan əlavə ehtiyacını təmin etməyə sərf olunacaq. Maliyyə Nazirliyi isə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.
Qeyd edək ki, daha öncə prezident İlham Əliyevin 4 iyul tarixli 2993 nömrəli Sərəncamına əsasən, taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara ehtiyacını ödəmək məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb. Həmin vəsait hesabına ölkəmizə 150-dən artıq taxılyığan kombayn gətirilməsinə başlanılıb.