Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İmişli şəhərində vətəndaşların qəbulunu keçirib. APA TV-nin xəbərinə görə, qəbulda Şirvan şəhəri, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Qəbul zamanı FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb.
2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə bağlı müraciətlərə “Gənclər Mərkəzi”nin binasında, digər müraciətlərə isə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında baxılıb. Qəbul zamanı vətəndaşların müraciətləri qeydə alınıb və araşdırılması üçün nazirliyin strukturlarına tapşırıqlar verilib. Bəzi məsələlər yerində həllini tapıb.