APA.TV-nin “Manşet” verilişində İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri və İsrail-Azərbaycan münasibətləri, həmçinin İranın bu səfərə münasibəti müzakirə olunub. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu və politoloq Sədrəddin Soltan mövzu ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıblar.
Elxan Şahinoğlu
- Benyamin Netanyahunun 20 ildən sonra Azərbaycana ikinci səfəri uğurlu oldu. Netanyahu Azərbaycanla Qazaxıstanı müsəlman dünyasının iki böyük və vacib ölkəsi adlandırdı. Səfər zamanı iki ölkə arasındakı əməkdaşlığa dair bir neçə sənəd imzalandı.
- Bu səfər iki mühüm amillə yadda qaldı. Birinci amil odur ki, Azərbaycan prezidenti İlham Əliyev dedi ki, Azərbaycan bu günə qədər İsraildən 4 milyard 850 milyon dollar civarında hərbi texnika alıb. İmzalanmış müqavilələrin ümumi dəyəri isə 5 milyard dollardır. Prezident ilk dəfəydi iki dövlət arasındakı hərbi əməkdaşlığın miqyasını göstərən rəqəmi açıqladı.
- Azərbaycan prezidentinin açıqlamaları həm Ermənistana, həm də Rusiyaya mesaj idi. İlham Əliyev bu açıqlama ilə göstərdi ki, Rusiyanın Ermənistana yerləşdirdiyi “İsgəndər” raketləri əleyhinə Azərbaycanın da İsraildən eyni tipli və qoruyucu raketlər almaq imkanı var.
- Benyamin Netanyahu dedi ki, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. İsrailin bu istəyi haqqında əvvəllər müxtəlif versiyalar səslənirdi. Ancaq ilk dəfə idi ki, İsrail baş nazir səviyyəsində öz qazını Azərbaycanın inşa etdiyi boru xətti ilə Avropaya nəql etməkdə maraqlı olduğunu açıqladı.
- Bu səfər iki ölkə arasındakı enerji əməkdaşlığını daha üst səviyyəyə qaldıracaq. Digər tərəfdən bu enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək.
- İsrail-Azərbaycan əməkdaşlığının daha bir əhəmiyyəti var. Dünyanın müxtəlif ölkələrində kök salmış erməni lobbisi Türkiyə ilə yanaşı Azərbaycan əleyhinə də kampaniya aparır, Dağlıq Qarabağ və ətraf rayonların işğalına haqq qazandırır. Buna görə də Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki yəhudi icmalarının dəstəyinə ehtiyacı var ki, erməni lobbisi ilə mübarizədə güclü müttəfiqə malik olsun. İsraildəki 70 min nəfərlik azərbaycanlı diaspor isə milliyətcə yəhudi olmasına baxmayaraq, iki ölkə arasındakı əməkdaşlığın genişlənməsində mühüm rol oynayır.
- Netahyahunun Azərbaycana səfəri İran rəsmilərini və din xadimlərini elə qorxudub ki, sanki İsrailin baş naziri Bakıya ona görə gəlir ki, Azərbaycandan İrana hücum təşkil etsin. Bu mənə “Evrovision” yarışmasının Bakıda keçirildiyi günləri xatırladır. Həmin yarışma ərəfəsində də iranlı rəsmilər və din xadimləri avropalı müğənnilərin Azərbaycana gəlişini sanki İranın əsas təhlükəsizlik problemi elan etmişdilər.
- Niyə anlamaq istəmirlər ki, Azərbaycan İsraildən müsir silahlar alır və bu bizə torpaqlarımızı işğaldan azad etmək üçün vacibdir. Aprel döyüşlərində İsrail dronlarının işğalçıya necə böyük zərər vurduğunu hamı gördü.
Sədrəddin Soltan
- Azərbaycan ərazilərinin bir hissəsi işğal altında olduğundan İsraillə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi önəm verir/ Bu məqamda qeyd olunmalıdır ki, Azərbaycan İsraildən aldığı ən müasir silah-sursatı İrandan da almaq istəyərdi. Ancaq, İsrail həmin silahı bizə satır, İran isə imtina edir.
- İranın birinci vitse-prezidenti Əşaq Cahangiri və energetika naziri Həmid Çitçiyan Ermənistanın enerji infrastrukturu naziri Aşot Manukyanla görüşüblər. Tərəflər arasında Ermənistan – İran ticarət, iqtisadi münasibətləri müzakirə olunub və son illərdə yüksək inkişaf göstəricilərinin olduğu diqqətə çatdırılıb. Həmid Çitçiyan görüşdə İran və Ermənistan arasında və Ermənistan ərazisində azad ticarət zonasının yaradılacağı ilə bağlı məlumat verib.
- Ermənistan ərazisində azad ticarət zonası yaradılacaq. Bunu nəzərdə tutan sənəd İran prezidenti Həsən Ruhaniyə verilib və imzalanıb. İranın Ermənistanla azad ticarət zonasını yaratmaq cəhdlərinin Azərbaycana yönəlik olması istisna deyil.
- Hələ Dağlıq Qarabağ müharibəsi dönəmindən Ermənistana istənilən formada yardım edən İran bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir. İranın Rusiya ilə birlikdə məqsədinin Ermənistanı düşdüyü blokadadan çıxararaq, Azərbaycan qarşısında gücləndirməkdir. Hər iki müttəfiqi regiondakı tarazlığı düşmən ölkənin lehinə dəyişmək niyyətindədir.
- İran da bilir, bütün dünya da bilir ki, İsraillə-Azərbaycan arasında çox ciddi münasibətlər var və bu münasibətlər heç bir dövlətə qarşı yönəlməyib. Bütün hallarda Azərbaycan müstəqil dövlət kimi bu sahədə də müstəqil siyasətini davam etdirməlidir və İsraillə əlaqələrini daha da gücləndirməlidir.