Yeni il günlərində İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı 20 faiz artıb.
Bu barədə APA-ya İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib. O bildirib ki, Azərbaycandan İrana il ərzində 1 milyona yaxın turist gedir, onların çoxu Məşhəd, Təbriz, Ərdəbil və Tehran şəhərlərini ziyarət edir: “Adətən bayramdan sonra, qış ayları zamanı İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı azalmağa doğru gedir”.
Diplomat onu da əlavə edib ki, hazırda sərhəddə heç bir problem müşayiət olunmur, Culfa körpüsündə yük avtomobillərinə tətbiq olunan tonnaj məhdudiyyəti isə hələ də qüvvədədir.
Qeyd edək ki, ötən il noyabrın ortalarından İran tərəfi Culfa sərhəd-keçid məntəqəsində Araz çayının üzərindəki körpünün köhnə olması ilə əlaqədar ümumi çəkisi 30 tondan artıq olan yük maşınlarının gediş-gəlişinə icazə vermir. Səfir M. P. Ayin ötən ilin dekabrında bildirmişdi ki, bu məhdudiyyət sərhəd memorandumu imzalanana qədər qüvvədə qalacaq.