Avropa İttifaqı tərəfindən maliyyələşən “Corporate Solution” təşkilatının Biznes İnkubatorlar üzrə eksperti Dr.Devid Konvey Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatoru (İBİ) ilə tanış olub.
Qonağa İBİ və inkubasiya keçən startap şirkətlər haqqında ətrafalı məlumat verilib. Dr.Devid Konvey ADİU-da yaradılmış biznes-inkubator modelinin Avropada fəaliyyət göstərən biznes-inkubatorlardan geri qalmadığını bildirərək, gələcəkdə digər universitetlərdə də bu cür biznes-inkubatorların yaradılmasının önəmini vurğulayıb. Kiçik və orta sahibkarlığın dəstəyi və biznes-inkubatorlar sahəsində 25 ildən artıq təcrübəyə malik olan Dr.Devid Konveyin məsləhətçi olaraq İBİ ilə əməkdaşlıq etməsi haqda razılıq əldə olunub.
Sonra Dr.Devid Konvey startapçılara master-klass keçib. O, ABŞ və Avropa Birliyi ölkələrində startap, sahibkarlıq və biznes-inkubator təcrübəsindən danışaraq, bu sahədə olan zəngin təcrübəsi ilə startpaçıllar və Enactus-ADİU üzvləri ilə paylaşıb.
Ekspert ADİU-da yaradılan İnnovativ Biznes-İnkubatorun ölkədə gənclər arasında sahibkarlığa dəstək siyasətinin həyata keçirilməsinin bariz nümunəsi olmaqla yanaşı, tələbə təşəbbüskarlığı, müxtəlif sahələri əhatə edən startaplar, peşəkarlardan ibarət ekspertlər şurası, müxtəlif təlim və treninqlərin keçirilməsi, universitet himayədarlığı və başqa cəhətlərinə görə digər startaplardan fərqləndiyini bildirib.
Dr.Devid Konveyin “Marketinq strategiyası” mövzusunda növbəti master-klassının dekabr ayının ortalarında keçirilməsi planlaşdırılıb.