Gənclər və idman naziri Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Qobustan, Xızı və Şamaxıdan olan vətəndaşlar iştirak edib.
30-adək vətəndaşın iştirak etdiyi qəbulda müraciətlərin böyük qismi idman sahəsi ilə bağlı olub. Vətəndaşlar idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri ilə əlaqədar nazirə müraciətlər ediblər.
Gənclər sahəsi üzrə edilən müraciətlər əsasən Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, gənclərin asudə vaxtının səmərəli təşkili, yay istirahət düşərgələri, ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.