İndoneziyada Azərbaycan günü keçirildi
26 sentyabr 2013 12:08 (UTC +04:00)

İndoneziyada Azərbaycan günü keçirildi

Sentyabrın 25-də İndoneziyanın Palembanq şəhərində 4-cü İslam Həmrəylik Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsinə həsr olunmuş Azərbaycan günü təşkil edilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir prezident İlham Əliyevin hazırda davam edən III İslam Həmrəyliyi Oyunlarının iştirakçılarına və təşkilatçılara ünvanlanmış video müraciəti ilə başlayıb.

 

O, müraciətində Azərbaycanın sosial-iqtisadi, siyasi vəziyyəti haqqında məlumat verməklə yanaşı, İslam Oyunlarının əhəmiyyətinə toxunub və ölkəmizin bu Oyunlara yüksək səviyyədə ev sahibliyi etmək iqtidarında olduğunu vurğulayıb. Azərbaycan günündə 46 iştirakçı dövləti təmsil edən milli olimpiya komitələrinin prezidentləri və baş katibləri, İslam Həmrəylik İdman Federasiyasının rəhbərliyi, hazırkı Oyunların təşkilat komitəsinin nümayəndələri, həmçinin İndoneziya Hökumətinin səlahiyyətli şəxsləri, Azərbaycanın İndoneziyadakı səlahiyyətli səfiri Tamerlan Qarayev və digər şəxslər iştirak ediblər.

 

Mərasimdə iştirak edən qonaqlar Azərbaycanın idman uğurlarını yüksək qiymətləndirib və ölkəmizin IV İslam Həmrəylik Oyunlarını 2017-ci ildə Bakıda yüksək səviyyədə təşkil edəcəyinə əminliklərini vurğulayıblar. Tədbirdə Azərbaycanın mədəniyyəti, idman tarixi və mətbəxini təbliğ edən videoçarx nümayiş etdirilib, ölkəmizdə mövcud olan idman və qeyri-idman obyektlərindən ibarət fotostendlər təşkil edilib, əyani vəsaitlər paylanıb.

 

Azərbaycan günü milli musiqimizin sədaları altında davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356
avatar

Oxşar yazılar