Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası rəhbərinin köməkçisi, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal Ağdam rayonunun işğal olunmasının 26-cı ildönümü münasibətilə mətbuat konfransı keçirib.
Bu barədə Lent.az-a İğdır-Azərbaycan Evi Dərnəyindən məlumat verilib.
S.Ünsal konfransdakı çıxışında Ağdamın Azərbaycanın ən önəmli yerlərindən olduğunu xatırladan S.Ünsal şəhərdə tarixi əsərlərin çox olduğunu deyib: “Ermənilərin işğalı nəticəsində minlərlə insan Ağdam torpağını tərk eləmək məcburiyyətində qalıb. Bir çox tarixi abidələr dağıdılıb. Çox az sayda erməninin yaşadığı Ağdam bu gün sanki xəyalət şəhər kimidir”.
S.Ünsal bildirib ki, Ağdam rayonu 1993-cü il mayında 6 minlik erməni silahlı birləşmələrinin hücumuna məruz qalıb: “Bakıda baş verən daxili çəkişmələr nəticəsində müdafiə gücü azalan Azərbaycan silahlı birləşmələri 42 gün ərzində şəhəri müdafiə etməyə çalışsa da, buna nail ola bilməyib. Ağdam şəhəri iyulun 23-də işğal olunub. Azərbaycan tərəfi bölgənin sadəcə 25 faizini qoruya bilib. Erməni işğalı nəticəsində Ağdamda 5897 azərbaycanlı şəhid olub. 153 min əhalisi olan Ağdam camaatı hazırda Azərbaycanın 64 ayrı-ayrı bölgəsində qaçqın kimi yaşayır və evlərinə qayıdacaqları günü gözləyirlər”.
Sərdar Ünsal onu da əlavə edib ki, ana-atasının Ağdam şəhərindəki məzarını ziyarət etmək üçün oraya gedən iki nəfər Azərbaycan vətəndaşı hələ də ermənilər tərəfindən əsirlikdə saxlanılır.
Dərnək rəhbəri dünyanı ermənilərə Azərbaycan torpaqlarından çəkilməsi üçün təzyiq etməyə çağırıb.
O, 1915-ci ildən başlayaraq türklərə qarşı düşmənçilik edən ermənilərin hər fürsətdə türk millətinə hücum etdiyini və onları nifrətlə qınadığını bildirib.