Respublika Veteranlar Şurası və Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyi son dövrlər Ermənistan ordusunun atəşkəsi ən çox pozduğu cəbhə bölgəsinə səfər təşkil edib. Lent.az-ın məlumatına görə, səfər çərçivəsində bir sıra QHT, eləcə də media nümayəndələri Müdafiə Nazirliyinin Fizulidə yerləşən N saylı hərbi hissəsində olublar. Hərbçilər qonaqlara düşmənin təxribatlarının hər zaman alındığını, cavab atəşi ilə susdurulduğunu bildiriblər.
Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Azərbaycan dövlətinin gücləndiyini, iqtisadiyyatının sürətlə inkişaf etdiyini deyib. E.Həsənli qeyd edib ki, artıq Ermənistan beynəlxalq aləmdə təcrid olunmağa, erməni yalanları üzə çıxmağa başlayıb. O, əsgərlərə düşmən qarşısında göstərdikləri şücaətə görə təşəkkür edib.
Digər qonaqlar da əsgərləri düşmənin fitnə-fəsadlarına qarşı daha ayıq olmağa çağırıblar.
Daha sonra hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərman və hədiyyələr təqdim edilib. Qonaqlar hərbi hissədə əsgərlər üçün yaradılmış şəraitlə tanış olub, onlarla birgə nahar ediblər. “Qarabağ Şur” ansamblı əsgərlər qarşısında konsert proqramı ilə çıxış edib.