Novruz bayramı bu il də İçərişəhərdə təntənəli şəkildə qeyd olunacaq. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 20-dən 23-nə qədər Qoşa Qala Qapısı meydanında I Beynəlxalq Novruz Festivalının keçirəcək.
Ötən illərdən fərqli olaraq bu il Novruz Bayramı şənliklərində Azərbaycanla yanaşı bu bayramı qeyd edən səkkiz ölkənin (Türkiyə, Rusiya, İran, Hindistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) nümayəndələri də iştirakı gözlənilir.
Xatırladaq ki, “Meydan Bazarı” adı altında təşkil olunacaq şənlikdə hər bir ölkənin mədəniyyətini əks etdirən video-filmlər, milli-tətbiqi sənət məhsulları və suvenirlər sərgilənəcək.
Qeyd edək ki, Novruz Bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Hər gün səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehrbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artıracaq. Bununla yanaşı Festival çərçivəsində hər gün Qız Qalası meydanında pantomima ustaları, Əliağa Vahid meydanında isə “Muğam üçlüyü” çıxış edəcək.