APA TV-nin məlumatına görə, installyasiyanın süjeti Azərbaycan incəsənətini əhatə edib. Paytaxt sakinləri 15 dəqiqəlik şou ərzində Qobustan qayaüstü rəsmlərinin yarandığı dövrdən bu günə qədər Azərbaycan incəsənətinin müxtəlif dövrlərinə səyahət edib, ən önəmli hadisələri, ən maraqlı və dəyərli sənət nümunələrini müasir audio-vizual formatda izləyiblər.
Layihə bakılıların və Azərbaycan paytaxtının qonaqlarının marağına səbəb olub. Havanın küləkli və soyuq olmasına baxmayaraq, unikal nümayişi izləməyə xeyli adam toplaşıb.
İnstallyasiyada Azərbaycanın görkəmli siyasi və ictimai xadimlərinin - Nizami Gəncəvi, Fizuli, Nəsimi Xurşudbanu Natəvan, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Cəfər Cabbarlı, Müslüm Maqomayev, Üzeyir Hacıbəyli, Bülbül, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Toğrul Nərimanbəyov, Tahir Salahov, Səttar Bəhlulzadə, ümummilli lider Heydər Əliyevin portretləri nümayiş etdirilib.
Heydər Əliyev Mərkəzinin binasının digər tərəfində isə bu şəxsiyyətlərin sənət əsərləri, eləcə də, Qobustan qayaüstü rəsmlərindən xalça və memarlıq ornamentlərinə, Azərbaycan tarixinin maraqlı və önəmli hadisələrinə qədər kompozisiya süjetləri nümayiş etdirilib.
İnstallyasiya tanınmış pianoçu və bəstəkar İsfar Sarabskinin müsiqisinin müşayiəti ilə təşdim olunub.