Hərflərin rəqsi
15 mart 2016 12:53 (UTC +04:00)

Hərflərin rəqsi

 

Bugünlərdə saytımızda gedən bir yazıdan oxudum ki, Təhsil Nazirliyindən verilən məlumata görə, sən demə, orta məktəblərimizdə 555 müəllim saxta diplomla dərs deyirmiş. Dərhal, şagirdlərlə təsadüfən görüşüb elədiyim söhbətlər yadıma düşdü.  

 

Hərdən mağazaya gedərkən yaxınlıqda yerləşən orta məktəbin şagirdləri ilə qarşılaşıram. Bir gün qarşıma çıxan o gül parçalarından soruşdum: uşaqlar, bu gün hansı dərslərdən keçmisiniz? Şagirdlərdən biri irəli durub dedi, şıllaq atmaq dərsi keçdik, əmi! Kürəyinə iri çanta yüklənmiş bu balaca uşağın, gözəl məxluqun mənimlə zarafat eləmək cəhdinə, yumor hissinə heyran oldum. Qaşlarını əyə-əyə danışan o balaca uşağın sifəti axşama kmi gözlərimin qarşısından çəkilmədi, həmin gün əhvalım çox şən keçdi.
Sabahısı gün yenə qarşıma çıxan həmin şagirdlərdən soruşdum: indi nə keçdiniz, uşaqlar? Aşağı sinif şagirdlərindən biri dedi, əmi, bu gün biz keçi kimi mələmək öyrəndik.

Məni gülmək apardı ki, ayə, nə maraqlı uşaqlardı bunlar! Deməli, məktəbi, təhsili sevməklə yanaşı, hər dəm şənlənə də bilirlər. Onların bu zarafatına qarşılıq vermək üçün gülə-gülə soruşdum: bu dərsdi - məəəə?! Uşaqlar dərhal əl-ələ verdilər və ətrafımda dövrə vurub keçi kimi mələməyə başladılar. Baxdım ki, aralarındakı aşağı sinif şagirdləri  çəpiş kimi məkkildəyirdilər.
Nə isə, bu şən və xoşbəxt uşaqların əllərindən birtəhər çıxıb avtobusa sarı qaçdım. Geri boylananda gördüm, uşaqlar arxamca mələşə-mələşə əl eləyirlər.
Növbəti gün evdən bir az tez çıxmışdım. Gördüm, ibtidai sinif şagirdləri dərsdən çıxıb evlərinə gedir. Məni görən kimi xorla salamlaşdılar. Kürəklərindəki ağır çantaları daşımaqdan boyunları geydikləri məktəbli formasından xeyli irəli çıxmışdı. Sənə elm zarafat gəlməsin, hər gün belində ağır vərəqlərdə çap olunmuş xeyli kitab daşımalısan.
Fikirləşdim gəl, bunlardan da soruş, görək, bu gün hansı dərsi keçiblər. Ucadan soruşdum: uşaqlar, bu gün nə keçdiniz, nə öyrəndiniz? Qoşa hörülmüş saçında ağ bantları olan qızcığaz əllərini yanına salıb cavab verdi: bu gün “nərdivan hərfini” keçdik, əmi.

Məni gülmək apardı. Vay dədəm, vay! Uşaqların fantaziyasına bax hələ sən! “H” hərfini deyir, yəqin. Maraq məni bürüdü. Dedim, uşaqlar, göstərin görüm, o məlun nərdivan hərfi hansıdı. Qızcığazın yanındakı balaca oğlan tez çantasını çiynindən yerə qoyub “Əlifba” kitabını çıxartdı. Üç dəfə öpüb gözünün üstünə qoyandan sonra kitabı vərəqləyib “H” hərfini tapdı. Dedim, uşaqlar, bəs, kitabı öpüb göz üstünə qoymağı kim öyrədib sizə? Dedilər əmi, məllimimiz deyir, bu kitab çörək ağacıdı, onu həmişə çörək kimi öpüb göz üstünə qoymaq lazımdı.
Uşaq kitabında “H” hərfini tapdıqdan sonra oradakı sözləri göstərib soruşdum: bəs bu sözləri oxuya bilərsinizmi? Hamısı duruxub biri-birinin üzünə baxdı. Təzədən başqa birisi soruşdu ki, əmi, oxumaq nə deməkdi?

Uşaqların bu şıltaqlığı mənə ləzzət eləyirdi. Dedim, göstərin görüm, özgə hansı hərfləri keçmisiniz. Onlar vərəqi geri çevirib “F” hərfini göstərdilər: bax, bu kərənti hərfidi. Bəzi yerlərdə ona dəryaz da deyirlər. Sonra çevirib “E” hərfini göstərdilər: bax, bu daraq hərfidi. “S” hərfini göstərdilər: bax, bu, soxulcan hərfidi. “T” hərfini göstərdilər: bax, bu, pol ağacı hərfidi, külüng də demək olar. “J” hərfini göstərib dedilər: bax, bu, çəlik hərfidi. “O” hərfini göstərib dedilər: bax, bu, boyunduruq hərfidi...
Dedim, yaxşı, uşaqlar, zarafatı buraxın, bəs bu sözləri oxuya bilərsiniz? Xorla qışqırışdılar: əmi, meyxana oxumağı deyirsən, istəyirsən birini oxuyaq indi.
Dedim, yox ee, uşaqlar, bu hərflər yan-yana düzüləndə müxtəlif sözlər alınır, o sözləri oxuya bilərsinizmi? Dedilər, əmi, bizə elə şey keçməyiblər. O dəqiqə barmağımı dişlədim, bildim ki, uşaqların müəllimi xəbərdə yazıldığı kimi saxta diplomlulardandı.
Sabah gözümə qara eynək taxdım, qoltuğuma da bir boz papka alıb getdim həmin məktəbə. Direktora dedim, yuxarıdan gəlmişəm, işə düzələn zaman müəllimlərin sizə verdiyi sənədlərə baxmaq istəyirəm. Direktor qorxa-qorxa sənədləri qabağıma tökdü. Sən demə, uşaqlara keçi kimi mələmək dərsi keçən müəllim uzun müddət dağlarda keçi otarmaqla məşğul olubmuş. Sonra “Əlifba” keçənin sənədinə baxdım. Bu kişi də daş ustası imiş.
Direktordan soruşdum ki, müəllim, bəs, niyə belə adamları işə götürmüsünüz? Dedi, başına dönüm, mən latın deyilən bu təzə əlifbanı oxuya bilmirəm, yəqin kopayuşağı onçun məni aldadıblar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376

Oxşar yazılar