“Son illərdə Azərbaycanda həm erkən nikahların, həm də yeniyetmə dövründə dünyaya övlad gətirən qadınların sayı artıb”.
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova deyib.
O bildirib ki, rəsmi statistikaya görə, qeydiyyatdan keçən hər 4 nikahdan biri yeniyetmə nikahıdır: “2012-ci ildə rəsmi qeydə alınmış nikaha daxil olanların orta yaşı 79065 olub. Nikaha daxil olan oğlanlardan 5-nin, qızlardan isə 295-nin yaşı 18 yaşa qədər olub”.
L. Məmmədova qeyd edib ki, yeniyetmə dövründə nikah böyük risk faktoru sayılır: “Çünki yeniyetmə əlavə psixoloji təsirə məruz qalır. Digər tərəfdən də erkən ailə quran yeniyetmələrin təhsil alması da böyük sual altında olur. Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda verir”.
Yeniyetmə hamiləliyinin tibbi nöqteyi-nəzərdən arzuolunmaz hal olduğunu bildirən L. Məmmədova qeyd edib ki, çox az hallarda yeniyetməlik dövründə hamiləlik və doğuş ana və uşaq üçün fəsadlarla müşayiət olunmur: “Bu yaş qrupunda fəsadlı hamiləlik və doğuşla əlaqədar əlillik göstəriciləri də yüksəkdir. Perinatal fəsadların tezliyi, erkən neonatal ölüm göstəricisi 16-17 yaşlı anaların uşaqları arasında 20-24 yaşlı anaların övladlarına nisbətən iki dəfə yüksəkdir. 2012-ci ildə rəsmi qeydə alınmış nikahda olan analardan 15- 17 yaş arası olanlar 1533 nəfər, 18-19 yaş arası olanlar isə 13573 nəfər təşkil edib. 15-17 yaş arası olan analarda diri doğulan uşaqların sayı 3236, 18-19 yaş arası olan analarda isə 17101 olub”.