Hansı mətbuat katibləri jurnalistlərdən qaçır? SORĞU
13 dekabr 2013 17:47 (UTC +04:00)

Hansı mətbuat katibləri jurnalistlərdən qaçır? SORĞU

Jurnalistlərə dövlət orqanlarından informasiya əldə etmək üçün əsas yardımçı qurumlardan biri də həmin orqanların mətbuat xidmətləridir. Təəssüf ki, bəzi dövlət qurumları  jurnalistlərə informasiya vermək əvəzinə, jurnalistlərdən qaçır. Ancaq hər bir mətbuat xidmətinin rəhbərinə məlumdur ki, KİV nümayəndələri ilə ünsiyyətdə olmaq həm təmsil etdiyi qurum, həm də onun öz işi üçün xeyirlidir. Bununla belə jurnalistləri unutmayan və hər zaman onlarla sıx ünsiyyətdə olmağa maraq göstərən mətbuat katibləri də az deyil. Məsələ ilə bağlı müxtəlif KİV-də çalışan jurnalistlər fikirlərini Lent.az-a bölüşüblər.

 

Azvision.az saytının əməkdaşı Sevinc İltifatqızı Hesablama Palatası, Xarici İşlər Nazirliyi və Ombdusman Aparatının mətbuatla əlaqələrindən narazılıq edir. Lakin onun razılıq etdiyi mətbuat katibləri də var: “Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun, Nazirlər Kabinetinin, Kənd Təsərrüfatı Nazirliyinin, Baş Prokurorluğun mətbuat xidmətlərinin rəhbərlərinin fəaliyyəti məni qane edir. Həmçinin, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi  Orxan Mansurov da mətbuata açıq adamdır”.

S. İltifatqızının sözlərinə görə, bəzi nazirliklər də var ki, tədbirlərinə ancaq bir neçə informasiya agentliklərini çağırırlar. Bu qurumlar arasında Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin adlarını çəkmək olar.

 

Region TV-in baş reportyoru Elmir Muradov vurğulayıb ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovdan razıdır: “Çünki ondan məlumat almaq çətin deyil. Mədəniyyət və Turizm Nazirliyinin, Milli Məclisin mətbuat xidmətlərindən razı qalsam da, Təhsil Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətlərinin fəaliyyəti məni qane etmir”.

 

 

“Mediada çalışdığım dövr ərzində məlumatın dəqiqləşdirilməsi və ya alınması məsələlərində əlbəttə ki, çətinliklərimiz olub. Təəssüf ki, bu yolda qarşımıza çıxan maneələrin əksəriyyəti dövlət-hökumət qurumları tərəfindən yaradılır. Hətta bəzi qurumların mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları bu və ya digər şəkildə əməkdaşlıqdan yayınırlar”. Bunu sorğumuzda iştirak edən aznews.az-ın redaktoru Ramil Məmmədli bildirib. R. Məmmədli qeyd edib ki, onların bəziləri isə daha çox televiziya kanalları ilə işləməyə üstünlük verirlər: “Çalışırlar ki, mövqelərini efirdən özləri səsləndirsin. Bu isə anlaşılan deyil və istərdim ki, həmin mətbuat xidmətləri çap mediasını daha ciddi qəbul etsinlər. Ümumiyyətlə isə, mətbuat xidmətlərinin bir çoxu media ilə həmin dövlət qurumu arasında bir sədd rolunu oynayır və xəbərin birinci instansiyadan əldə olunmasına bir növ maneə yaradırlar. Belə qurumları sadaladıqda ilk xatırlanan Nəqliyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Səhiyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin adlarını sadalamaq olar. Təhsil Nazirliyinin mətbuat xidmətinin iş metodu isə başa düşülən deyil. Ünvanlanan sual vaxtında cavablandırılmır və bir müddət sonra nazirliyin rəsmi saytına sorğuya cavab şəklində ictimaiyyətə təqdim olunur. Nəticədə isə jurnalistin məhsulunun özəlliyi qalmır. Təəssüf edirəm ki, hələ də bəzi dövlət qurumlarının rəhbərləri mətbuatla əməkdaşlığı, təmsil etdikləri təşkilatla bağlı xəbərlərin qarşısının alınması kimi anlayırlar. Bütün bunlara baxmayaraq, biz mətbuat işçiləri xəbər əldə etməkdən yorulmayacağıq”.

 

 ANS TV-in əməkdaşı Aytən Abdulovanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Billurə Hacızadə, “Bakıelektrikşəbəkə” ASC-nin, “Azəriqaz” QSC-in, “Azərsu”, Nəqliyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Baytarlıq Xidmətinin və “Dövlət Dəmir Yolları”nın mətbuat katiblərinin fəaliyyəti qane edir. Televiziya əməkdaşı ədliyyə, vergilər, mədəniyyət nazirliklərinin, Miqrasiya Xidməti, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətlərinin fəaliyyətindən narazıdır.

 

“Demək olar ki, sosial sahədə işlədiyim bütün dövlət qurumlarının mətbuat xidmətlərindən məlumatlarımı ala bilirəm. Əvvəllər problemlər yaşayırdım məlumatları almaqda, amma indi asanlıqla əldə edirəm”. Bunu isə Modern.az saytının əməkdaşı Aytən Əliyeva bildirib. Onun sözlərinə görə,  hamı üçün bəlli olan bir sıra qurumlar var ki, onların mətbuat xidmətləri açıqlama vermir: Onlar da elə öz iş prinsiplərində yenə də qalırlar. Müdafiə Nazirliyi, Miqrasiya Xidməti və Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətlərini misal göstərmək olar”.

 

 

Kaspi qəzetinin əməkdaşı, teatrşünas Xəyalə Rəisin sözlərinə görə, işinin əksər hissəsi mədəniyyət ocaqlarının mətbuat xidmətlərindən asılı olur. “Yazı hazırlayanda çox zaman ya kiminsə nömrəsini alırıq, ya da teatrda baş verən ən son yenilikləri onların vasitəsi ilə öyrənirik. Bu işdə teatrların mətbuat xidmətlərində heç bir problem yaşamamışam. Çünki teatrlarda mətbuat xidmətində çalışan işçilərin əksəriyyəti teatrşünaslardır ki, onlar jurnalistə doğru yol göstərməyə çalışırlar. Teatrda baş verən ən son yenilikləri press-reliz şəklində bizə göndərirlər. Bu da bizim işimizi yüngülləşməyinə kömək edir. Ancaq başqa mədəniyyət ocaqlarına zəng vuranda onlar “bilmirik” və ya “tanımırıq” deyərək, sualdan yayınmağa çalışırlar”.

 

X. Rəisin sözlərinə görə, bu da jurnalistlərin həmin mədəniyyət müəssisi ilə əlaqələrimizin soyudur.  “Hər işi öz mütəxəssisinə tapşırsalar, daha yaxşı olar. Çünki əksər mədəniyyət ocaqlarında daha çox müdirin qohumu və ya kiminsə tərəfindən tapşırılmış insanlar gəlir. Belə olan halda ən böyük zərbə jurnalistə dəyir”.

 

Həftə içi.az-ın əməkdaşı Atif Sərxanlının sözlərinə görə, bir çox dövlət qurumları, nazirliklərin sözçüləri həmin vəzifəyə mətbuatdan getmələrinə baxmayaraq, özlərini məmur kimi aparırlar ki, bu da jurnalistlərin işinə çətinlik yaradır: “Xüsusən onlayn mediada işləyən jurnalistlər belə vəziyyətdən əziyyət çəkirlər. Yəni günün mövzusu ilə bağlı vaxtında münasibət öyrənə bilmirlər. Ancaq insafən demək lazımdır ki, mediaya daim açıq olan və ünvanlanan suallara dərhal cavab verən mətbuat xidmətləri də var. Çalışdığım mətbu orqanda sosial və iqtisadiyyatdan yazdığım üçün bu sahəyə aid dövlət qurumlarının adını çəkə bilərəm. Məsələn, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri i çox passivdir. Tez-tez zəng vurmağımıza baxmayaraq, həmin qurumun mətbuat xidmətinin rəhbərindən ayda bir-iki dəfə çətinliklə nəyəsə açıqlama almaq olur. Səhiyyə sistemində demək olar ki, hər gün bir hadisənin baş verməsinə baxmayaq, ondan vaxtında cavab almaq olmur”.

A. Sərxanlı onu da bildirib ki, Nəqliyyat Nazirliyinin fəaliyyətindən razı deyil: “Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin sözçülərindən isə çox vaxt hansısa hadisəyə münasibət öyrənmək olur. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri isə passivdir. Təsəvvür edin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevdən operativ işləyir”.

Jurnalist onu da vurğulayıb ki, hansısa məsələyə münasibət öyrənmək üçün rəsmi sorğu göndərmək tələb olunur: “Ancaq unudurlar ki, günün mövzusu ilə bağlı vaxtında cavab olmadıqda sorğu göndərmək mətbuat üçün maraqlı deyil. Əlbəttə, belə hallar mətbuat xidmətlərinin məsələdən yayınması kimi dəyərləndirilir”.

 

“Mənim işlədiyim sahələr üzrə mətbuat xidmətləri ilə heç bir zaman problemim olmayıb. Düşünürəm ki, özüm işlədiyim sahələr, xüsusən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri İlham Məmmədov, Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova, Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova, Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli yaxşı işləyirlər. Bəzi mətbuat nümayəndələri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ilə əlaqə saxlamaqda çətinlik çəksələr də, mənim hər zaman telefonlarıma cavab verir”. Bunu isə APA-nın əməkdaşı Könül Kamilqızı bildirib.

 

K. Kamilqızının sözlərinə görə, səhiyyə ilə bağlı hansısa məsələlərə cavabı Anar Qədirlidən ondan asılı olmayan səbəblərdən almaq da, almamaq da olar: “Yeni nazir təyin olunduqdan sonra Təhsil Nazirliyinin mətbuat xidməti KİV-lərlə iş sahəsində müəyyən dəyişikliklər aparıb. Yeni sistemə əsasən, ilk vaxtlarda müəyyən məsələlərə aydınlıq gətirməkdə problemlər olsa da, son zamanlarda sorğulara verilən cavabların tez bir zamanda cavablandırılması, onların bütün mətbuat üçün açıqlanmaması və digər məsələlərdə müəyyən irəliləyişlər əldə olunub. Təhsil Nazirliyinin mətbuat xidmətinin KİV-lə iş sahəsində jurnalistləri narahat edən bəzi məsələlərin də tez bir zamanda həll olunacağına inanıram”.

 

Gün.az saytının əməkdaşı Fərid Ədalət Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əlidən razılıq etsə də,  Qafqaz Müsəlmanları İdarəsi, daxili işlər və səhiyyə nazirliklərinin mətbuat xidmətlərinin fəaliyyətindən narazıdır.

 

Lent.az-ın əməkdaşı Nizam Rza  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, “Azəryolservis” ASC-in mətbuat xidmətlərinin fəaliyyətini yüksək qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029

Oxşar yazılar