Merlə görüşən məcburi köçkün: “Orada heç bir təhqir olmayıb”
Ötən gün bir sıra saytlarda Bakı meri Hacıbala Abutalıbovun məcburi köçkünləri təhqir etməsi, guya onları öz yurd-yuvalarını qoyub gəlməkdə günahlandırması barədə yazılıb. Lent.az-ın məlumatına görə, məsələ ilə bağlı azadliq.info-ya danışan Bakı meri Hacıbala Abutalıbov bunu “yalan və ifitra” adlandırıb: “Yazırlar ki, mən məcburi köçkün ailələri ilə görüş keçirmişəm. Bu, doğru deyil. Mən həmin əraziyə məscid tikintisi ilə əlaqədar getmişdim. Orada heç bir etiraz olmayıb. Sadəcə olaraq, 4 qadın mənə yaxınlaşıb bildirdi ki, köçürülmə ilə bağlı narazılaqları var. Bilirsiniz ki, bu məsələ mənim səlahiyyətimdə deyil, “Qaçqınkom”a aid məsələdir. Ancaq buna baxmayaraq, mən onlara kömək etməyə çalışdım və həyat yoldaşlarını ora dəvət etdim. Onların yanında da “Qaçqınkom”un sədr müavini ilə danışdım, onları qəbul etməsini xahiş etdim. Bu gün mənim nümayəndələrim də həmin ailələri qəbul edib və problemlərini həll edib. Onların məndən heç bir narazılqları ola bilməz. Təəssüf ki, bəzi media qurumları bizim mətbuat xidmətinin açıqlamasına da məhəl qoymayaraq, belə uydurma məlumatları tirajlayıblar”.
H. Abutalıbov daha sonra görüşdüyü həmin narazı köçkünlərdən birinin - Sevindik Məmmədov adlı şəxsin telefonunu da jurnalistə təqdim edib.
Cəbrayıl rayonundan məcburi köçkün və Qarabağ əlili olduğunu bildirən Sevindik Məmmədov qardaşlarının da müharibə veteranı olduqlarını deyib: “Orada heç bir təhqir olmayıb. Sadəcə, bizim mənzil təminatı ilə bağlı narazılığımız var idi. Biz bu haqda Hacıbala müəllimə bildirdik. O da bizim yanımızdan “Qaçqınkom”un sədr müavini Gəray müəllimlə danışdı. Gəray müəllim məni qəbul etdi. Onun izahatı məni razı salmadı, buna görə də yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdim. Abutalıbov da sağ olsun, əlindən gələn köməyi əsirgəmədi”.