Göyçayın Yekəxana və Şahsoltanlı kəndləri məsafə baxımından rayon mərkəzindən xeyli uzaqda yerləşir.
Kənd sakinləri APA TV-nin bölgə müxbirinə bildiriblər ki, bu kəndlərdə 15 ildən çoxdur təbii qaz yoxdur. Kənd sakini İntiqam Hacıyev deyir ki, yaxınlıqdan qaz xətti keçsə də, onlara qaz verilmir. O, əlaqədar təşkilatların hər dəfə bu problemi yaxın vaxtlarda həll edəcəklərinə söz verdiklərini deyir. Amma hələ ki, nəticə yoxdur. Başqa bir kənd sakini isə əlacsızlıqdan həyətdəki meyvə ağaclarını kəsdiklərini, buna görə də meyvə mövsümü zamanı meyvə qıtlığı çəkdiklərini bildirir. Kənd camaatı deyir ki, qış fəslini birtəhər odunla da yola vermək olar. Amma vay o günə ki, odun da olmaya.
Odun əldə etmək üçün yeganə ümid yeri isə İsmayıllı rayonundakı meşələrdir. Amma artıq bu meşələrə də giriş qadağan edilib. Bir maşın odun isə 350-400 manata satılır ki, bu da bəzi kənd sakinlərinin imkanı xaricindədir. Kənd sakinlərinin həyətlərdən kəsdiyi meyvə ağacları yaş və sulu olduğu üçün çətin doğranır və buna görə də evləri qızdırmaq çətin olur.
Göyçay Qaz İstismar İdarəsinin rəisi Murtuz Salahov bildirdi ki, bu günədək Göyçay rayonunda abonentlərin 60 faizi qazlaşdırılıb. Hazırda rayon mərkəzi və 19 yaşayış məntəqəsi təbii qazdan istifadə edir. O ki qaldı Yekəxana və Şahsoltanlı kəndlərinə, bu kəndlərin gələn ilin ortalarında qazlaşdırılması nəzərdə tutulur.
Elvin Yaqubov, APA TV