Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, yığıncağın gündəliyinə dördüncü qrant müsabiqəsinin nəticələrinin müzakirəsi, növbəti müsabiqənin elan olunması, Fondun fəaliyyətini tənzimləyən bəzi sənədlərdə dəyişikliklərin edilməsi və digər məsələlər daxil edilib.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov dördüncü qrant müsabiqəsinin yekunları barədə məlumat verərək bildirib ki, yalnız “C” kateqoriyası üzrə keçirilən bu müsabiqəyə oktyabrın 8-dən noyabrın 18-dək 14-29 yaşlı şəxslər tərəfindən 668 fərdi layihə təqdim edilib.
Ötən müddət ərzində layihələr Fondda sistemləşdirilib və təhlil olunub, hər biri haqqında annotasiya və rəy hazırlanıb. Müzakirələr nəticəsində Müşahidə Şurasının üzvləri təqdim olunan layihələrdən 391-nin maliyyələşdirilməsini məqsədəuyğun sayıblar.
Müşahidə Şurası növbəti qrant müsabiqəsinin elan olunması barədə də qərar qəbul edib. Beşinci müsabiqənin “A”, “B”, “C” və “E” kateqoriyaları üzrə keçirilməsi nəzərdə tutulub, hər kateqoriya üzrə prioritet istiqamətlər müəyyənləşdirilib. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təklif edib ki, “E” kateqoriyasının məzmunu dəyişdirilsin, həmin istiqamət üzrə Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatlarının strukturunun möhkəmləndirilməsi və təşkilati inkişafının təmin edilməsi ilə bağlı müraciətləri qəbul edilsin. Müşahidə Şurasının iclasında hər kateqoriya üzrə Fonddan tələb olunan məbləğin yuxarı həddi müəyyən edilmiş, beşinci qrant müsabiqəsinin 2013-cü il dekabrın 29-dan 2014-cü il fevralın 10-dək keçirilməsi barədə razılığa gəlinib.
İclasda müsabiqələrin təşkilini tənzimləyən bir sıra dəyişikliklər edilib. “E” kateqoriyası üzrə yeni ərizə forması təsdiq olunub. Belə ki gənclər təşkilatları müsabiqəyə “A” və “B” kateqoriyalarından yalnız biri üzrə 1 layihə təqdim edə biləcəklər.
Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.