“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər arasında vətənpərvərlik təbliğatı” layihəsini həyata keçirir. “Gənclər arasında vətənpərvərlik təblığatı” layihəsinin icrasına start verilməsi ilə əlaqədar gənclər təşkilatları, hərb yönümlü QHT təmsilçiləri və hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlərin iştirakı ilə Dəyirmi Masa keçirilib.
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Mikayıloğlu bildirib ki, layihədə məqsəd Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyətini təbliğ etmək, gənclərimizin Mübariz İbrahimov və Azərbaycan ordusunun zabiti Ramil Səfərov kimi qəhrəmanlarımız kimi yaşamağa, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir. Ölkəmiz müharibə şəraitində yaşayır və müasir gənclik qarşısında vəzifə ilk növbədə torpaqların hər an azad edilməsi uğrunda mübarizəyə hazır olmalarıdır. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin də əsas məqsədi gənclərin vətənpərvərlik tərbiyəsi işinə dəstək olmaqdır. Birliyimiz tərəfindən mütəmadi olaraq gənclərlə görüşlər təşkil edilir. Gənclərlə vətənpərvərlik mövzusunda söhbətlər əsnasında məlum olub ki, onların vətənpərvərlik mövzusunda biliklərini zənginləşdirmək üçün maarifləndirici materiallara ehtiyacları var. Gənclərimiz daha çox real qəhrəmanlardan bəhs edən vətənpərvərlik mövzularında əyani vəsaitlərdən bəhrələnmək istəyir. Respublikamızda müxtəlif təşkilatlar tərəfindən vətənpərvərlik mövzusunda əyani vəsaitlər hazırlanıb nəşr edilməkdədir. Lakin bu, əsasən Bakı şəhərində yaşayan gənclər arasında yayılır, region gəncləri çox vaxt bu vəsaitlərdən bəhrələnmirlər. Yevlax rayonunda şagirdlər, o cümlədən müxtəlif regionlardan Bakıda ali məktəblərdə daxil olan region gəncləri ilə aparılan söhbətlər də bunu göstərir. “Gənclər arasında vətənpərvərlik təbliğatı” layihəsində də hədəf qrup bu gənclərdir. Layihə çərçivəsində maarifçilik işləri görüləcək, təbliğat xarakterli tədbirlər təşkil olunacaq. Əsas məqsədi gənclər arasında vətənpərvərlik əhval-ruhiyyəsini artırmaqdır.
Dəyirmi Masada çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Qarabağ müharibəsi veteranı sədri Niyazi Quliyev, “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər İsmayılqızı və digər iştirakçılar gənclər arasında vətənpərvərlik əhval-ruhiyyəsinin artırılması ilə bağlı rəy və tövsiyələrini bildiriblər.
Ramiz Mikayıloğlu nəzərə çatdırıb ki, tədbirdə səslənən təklif və tövsiyələr də nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən vətənpərvər siyasət, vətənpərvərlik yönündə atdığı addımlar (Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin qaytarılması, ona Milli Qəhrəman adının verilməsi, Ramil Səfərovun Macarıstandan ekstradisiyası və azad edilməsi, ordu quruculuğu sahəsində görülən işlər, vətənpərvər medianın inkişafı sahəsində təşəbbüsləri və s.), qəhrəmanlıqları ilə gənclərimizə örnək olan Milli Qəhrəman Mübariz İbrahimov və Azərbaycan ordusunun zabiti Ramil Səfərovla bağlı qısa məlumatların yer aldığı buklet hazırlanaraq dərc olunacaq.