Gəncə 4 min yaşında
16 iyul 2013 20:52 (UTC +04:00)

Gəncə 4 min yaşında

Gəncə şəhərinin 4 min illiyinə həsr olunan konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib ki, Azərbaycan xalqı uzun illər Çar Rusiyasının və Sovet imperiyasının tərkibində olduğundan milli-mənəvi dəyərlərini tədqiq edə bilməyib: “Bu gün Azərbaycanın hər bir diyarı inkişaf edir və sözün əsl mənasında cənnətə çevrilir. Bu da ümummilli lider Heydər Əliyevin siyasətinin layiqli davamçısı, prezident İlham Əliyevin əməyinin nəticədir”. E. Vəliyev ölkənin hazırkı inkişaf mərhələsində elmi-arxeoloji qazıntıların aparıldığını da qeyd edib.  

 

O, diqqəti Gəncənin tarixi ilə bağlı aparılan arxeoloji qazıntılara yönəldərək, bu prosesin davam etdiriləcəyini də söyləyib: “Bu gün Gəncə tarixiliyini qoruyub saxlamaqla yanaşı müasirləşir və inkişaf edir. Bütün bunlar prezident İlham Əliyevin dəstəyi nəticəsində həyata keçirilir”.  

 

YUNESKO-nun fəxri baş katibi Federiko Mayor Gəncənin tarixinin, Nizami Gəncəvi irsinin araşdırılmasının əhəmiyyəti barədə danışıb. O, şəhərin tədqiqinin araşdırılmasında arxeoloqların dəyərli elmi nəticələr meydana  çıxaracaqlarına ümidvar olduğunu da söyləyib: “Dünyada çox az sayda şəhər var ki, onun 4 min il tarixi var. Bu bizim tariximizdir. Biz öz keçmişimizi tədqiq etməli və çalışmalıyıq ki, gənclərimiz bunu bilib, öyrənsinlər”. O, Gəncə şəhərinin tarixi əhəmiyyətindən söz açıb. F. Mayor dahi şair Nizami Gəncəvinin irsinə də toxunub və onu əsərlərini dünya incisi adlandırıb.

 

Azərbaycanın inkişaf tempinə də toxunan F. Mayor qeyd edib ki, ölkə günü-gündən dünyadakı əhəmiyyətini artırır.           

 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib ki, Gəncənin arxeoloji qazıntıları daş dövründən başlayan tarixi əhatə edir. Vəlixanova müxtəlif zamanlarda görkəmli Avropa arxeoloqlarının Gəncədə apardığı arxeoloji qazıntılar barədə məlumat verib. Rəhimova vurğulayıb ki, AMEA tərəfindən yenidən arxeoloji ekspedisiya yaradılacaq və şəhərin daha qədim tarixi  ilə bağlı araşdırmalar aparılacaq. Rəhimova bu iş üçün xarici ekspertlərin, alimlərin dəvət olunmasını təklif edib.

 

Gəncədən olan millət vəkili Asəf Hacıyev çıxışında bildirib ki, artıq Azərbaycanın tarixində elə bir an gəlib ki, öz tariximizə nəzər salmalıyıq və onu dəqiqləşdirməliyik. Hacıyev vurğulayıb ki, tarixi, mədəniyyəti zəngin olan Gəncəyə bu gün öz siması qaytarılır.

 

Milli Məclisin deputatı Mübariz Qurbanlı isə çıxışında deyib ki, Gəncə iqtisadi, mənəvi baxımından çox mühüm yer tutur. Qurbanlı qeyd edib ki, müstəqillik əldə edildikdən sonra Azərbaycanın tarixi daha da geniş tədqiq edilir, ümummilli lider Heydər Əliyevin göstərişi ilə yenidən öyrənilir.

 

Konfransda YUNESKO-nun baş katibi İrina Bokovanın, İordaniya Haşimilər Krallığının şahzadəsi Nur Əl-Hüseynin, Pakistanın Kəşmir Universitetinin professoru Əhməd Nasim Şahın, Asiya Mədəni Tarix Proqramının direktoru Pol Mişel Teylor, Latviyanın sabiq prezidenti Valdes Zatlers və digərlərinin tədbirə ünvanlanan təbrik məktubları da oxunub.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 949
avatar

Oxşar yazılar