Martın 14-15-də Qubada Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azəri Gənclər Alyansı İctimai Birliyinin təşkilatçılığı ilə “Gənc jurnalistlərin peşəkarlığının artılması məqsədilə Qış Məktəbi” başa çatıb. Lent.az-ın məlumatına görə, iki günlük təlimdə Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvləri Yadigar Məmmədli və Azər Həsrət, BayMedia İnternet Portalının rəhbəri Elçin Mirzəbəyli, Jurnalist Araşdırmaları mərkəzinin sədri Seymur Verdizadə, “Aznews” internet xəbər saytının rəhbəri Elçin Zahiroğlu, RTV-nin icraçı direktoru Məhsim Məhsimov və şair-jurnalist Ramiz Qusarçaylı ekspert qismində iştirak ediblər.
“Azərbaycan internet mediasının mövcud durumu: problemlər və prespektivlər, internet medianın sosial şəbəkələrdə rolu” adlı ilk paneldə tanınmış jurnalist-ekspertlərdən Baymedia İnternet portalının rəhbəri Elçin Mirzəbəyli və Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxış edərək gənc jurnalistlərin çoxsaylı suallarını cavablandırıb. “İlkin mənbədən informasiya əldə etmək imkanları, İnternet portalları və yazılı mətbuat: əməkdaşlığın mümkün yolları” adlı ikinci panelin moderatoru Yadigar Məmmədli və ekspert Azər Həsrət gənclərlə öz uğurlu təcrübələrini bölüşüb və fikir mübadiləsi aparıblar. Birinci təlim günün yekununda isə ekspertlər tərəfindən gənc jurnalistlərlə konkret mövzular təqdim olunub.
Qış məktəbinin ikinci günündə isə “Ənənəvi media və yeni media münasibətləri necə tənzimlənir, internet mediada etik qaydalara əməl edilməsi” və “Medianın həssas davrandığı mövzular: "Dövlət sirri haqqında" qanuna necə əməl edirik?” mövzusunda panellər keçirilib. Ekspertlər tərəfindən gənclərə müxtəlif mövzularda xəbər yazılması qaydaları , praktiki biliklər və vərdişlər də aşılanıb.