Parisdə səfərdə olan təhsil nazirinin müavini Firudin Qurbanov Fransanın “Kampus Frans” Agentliyinin direktoru Antuan Qrassən ilə görüşüb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüş zamanı ölkələr arasında mövcud olan əməkdaşlıq çərçivəsində Fransa-Azərbaycan təhsil əlaqələrinin perspektiv inkişaf istiqamətləri, ali təhsil sahəsində münasibətlərin genişləndirilməsi və birgə proqramların həyata keçirilməsi imkanları müzakirə edilib.
Görüşdə həmçinin Parisdə keçiriləcək “Azərbaycan günü” tədbirinə hazırlıq, müvafiq proqramlar üzrə akademik mobillik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. “Kampus Frans” Agentliyinin bir sıra ölkələrlə sıx əməkdaşlıq etdiyini bildirən A.Qrassən rəhbəri olduğu qurumun Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.
Firudin Qurbanov Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələr, ali təhsilin strateji istiqamətləri, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icra vəziyyəti barədə məlumat verib. Nazir müavini "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu günə qədər 120 azərbaycanlı tələbənin Fransada təhsil almaq hüququ qazandığını, onlardan 42 nəfərin hazırda bu ölkədə təhsillərini davam etdirdiyini bildirib.
Qeyd edək ki, fevralın 27-də Parisdə “Azərbaycan günü” tədbiri keçiriləcək. “Azərbaycan günü”ndə Fransanın 20-yə yaxın ali təhsil müəssisəsi Azərbaycan ali təhsil sistemi üçün maraq kəsb edən birgə layihələr barədə təqdimatlar keçirəcəklər. Tədbir çərçivəsində Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşlarına da Azərbaycan universitetlərində təhsil almaq imkanları təqdim olunacaq.