“Facebook”-da səhifə də açıldı: “Aşıq Azərin müalicəsinə yardım edək”.
“Aşıq Xanların yadigar oğlu Aşıq Azər ağır vəziyyətdədir. Müalicəsi İsraildə mümkündür. Müalicə xərci 60.000 dollardır. 60.000 insan 1-2 manatdan kömək etsə, sənətkarı xilas edərik”.
Bunu isə həmin səhifəyə dostlarından biri yazıb. Elə həmin səhifədə yazılanlara inansaq, aşığa indiyədək Akif Aşırlı, onun baş redaktor olduğu “Şərq” qəzeti və bir də professor Nəsir Əhmədli yardım edib. Hə, unutmaq insafsızlıq olardı. Bir də millət vəkili Qənirə Paşayeva. Azərin xəstələndiyini eşidəndən başının üstündədir. Qənirə xanımın köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hər gün vəziyyəti ilə maraqlanır. Bu gün də saytımıza bildirdi ki, Hepatit B və qaraciyər sirrozu ilə bağlı müalicə alır. 1 həftə sonra isə ayaqlarında yaranmış problemə görə başqa xəstəxanaya köçürüləcək və müalicə davam etdiriləcək.
...Aşıq Azəri sonuncu dəfə Ehtiram İlhamın ad günündə görmüşdüm. Xəstəliyindən xəbərim yox idi. Üzbəüz oturmuşduq. O boyda, o nəhənglikdə Azər yumağa dönmüşdü sanki. Baxışları da qəribəydi. Qəmli-filan da demirəm, bulanıq idi, sanki yol çəkirdi…
Səhəri elə Ehtiram İlham yazdı: "Aşıq Azər Xanlaroğlu bir neçə xəstəliklə çarpışır. Hepatit B xəstəliyindən də əziyyət çəkir. Fil xəstəliyi var, nəticədə aşığın ayaqları şişdiyi üçün yerindən tərpənə bilmir. Yataqdan qalxa bilmədiyi, ayaq üstə durmaq mümkün olmadığı üçün MƏCLİSLƏRDƏ iştirak edə bilmir, maddi sıxıntı çəkir. Xəstəliyinin müalicəsi mümkündür, amma maddi vəziyyət buna imkan vermir. Buradan saza, sözə qiymət verən insanlara səslənirəm ki, Azəri xilas edək, Allah uzaq eləsin, onu itirə bilərik...".
Özüm seçdirdim məclislər sözünü. Hə, məclislər. Aşıq məclislərlə dolanırdı. Və bu gün Azəri məclislərə çağırmırlar. Ona görə ki, Azər yeriyə bilmir. Amma həmin o MƏCLİSDƏKİLƏR DƏ deyəsən Azəri öz MƏCLİSLƏRİNDƏ bir də görmək istəmirlər. Dostu yazmayıbmı yuxarıda? 60 min insan 1 manatdan kömək eləsə. 60 min insan tapılacaqmı? İndi haradan alaq 60 min insanı. Ki bir manatdan pul toplansın? Azərin indiyə qədər iştirak etdiyi o MƏCLİSDƏKİLƏRİN sayı da üst-üstə az qala elə 60 min olar. İndi Azərin şişmiş ayaqları altına 6 manat da atmaq istəmirlər.
60 mini boş verin. Avtomobil seriyası 60-la başlayan bölgədə, Azərin ata yurdunda 6 yox, 60 kişi sayaram ki, onların 60 Azər kimisini sağaltmaq imkanları var. Və elə həmin o 60 nəfərin əksəriyyətinin də məclisində saz götürüb söz deyib Azər.
Onların arasında adı hətta FORBES-in milyarderlər siyahısında olan da var.
Buna isə heç kim şübhə eləməsin; həmin adam 60 min dollar xərcləməklə adı FORBES-in siyahısından çıxmayacaq. Amma…
Amma Allah eləməsin, Azər oradan çıxmaya bilər.
Mən bu yazıya “Azəri necə xilas etməli” başlığı qoyacaqdım. Amma fikrimi dəyişdim, yuxarıdakı başlığı qoydum. Azər yaşıdları arasında təkcə sənətinin fili deyil. Onda həm də fil səbri var. Səbr isə Allahın adıdır. Allah özü kömək edəcək…