Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və FHN-in digər strukturlarının rəhbərləri iştirak ediblər.
Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov çıxışında deyib ki, Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlər Azərbaycan tarixinin inkişaf dövrləridir. O, akademiyada H. Əliyev irsinə həsr olunmuş tədbirlərin mütəmadi şəkildə təşkil olunduğunu vurğulayıb.
Mübariz Qurbanlı isə çıxışında qeyd edib ki, H. Əliyev özündən sonra böyük bir irs qoyub: “Tarixdə o şəxslər tarixi şəxsiyyət statusu ala bilirlər ki, onlar keçid mərhələlərində mühüm qərarlar qəbul edirlər. Heydər Əliyev də onlardan biri idi. Nə qədər Azərbaycan müstəqil dövlət kimi mövcuddursa, Heydər Əliyev də tariximizdə yaşayacaq”.
M. Qurbanlı bildirib ki, sovet dövründə H. Əliyev təhlükəsizlik sektorunda çalışsa da, azərbaycançılıq siyasəti yürüdüb, DTK-ya rəhbərlik etdiyi dövrlərdə bu strukturun mili kadrlarla komplektləşdirilməsinə diqqət yetirib, respublikaya rəhbərlik etdiyi dönəmlərdə Azərbaycanın sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirib və Azərbaycanda sənayeləşmə proqramı həyata keçirib: “Heydər Əliyev azərbaycanlıların assimilyasiyasının qarşısını alıb, Azərbaycan üçün hərbi kadrların hazırlanması istiqamətində mühüm addımlar atıb, hakimiyyətdə olduğu dövrlərdə mili ruhlu insanların təqib olunmasının qarşısını alıb. O vaxt Heydər Əliyev Əbülfəz Elçibəyi xilas etdi. Elçibəyi antisovet maddəsi ilə ittiham olunurdu. Bu maddə ilə ona 10-12 il iş düşürdü. O, başqa bir maddə ilə ittiham olundu və az iş aldı. Heydər Əliyev mili ruhlu insanlarımızı qorumaq üçün sovet dövründə azərbaycançılığı həmişə öndə tutub. Ziya Bünyadovu, Xudu Məmmədovu, Bəxtiyar Vahabzadəni xilas edib. Sonralar Heydər Əliyevdən Azərbaycanda niyə dissident olmadığını soruşduqda o, “biz o vaxt dissident ovuna çıxmamışdıq” cavabını vermişdi”.
H. Əliyevin ikinci dəfə ölkə rəhbərliyində gördüyü işlərdən danışan deputat üçrəngli bayrağın ilk dəfə Naxçıvanda dövlət bayrağı olaraq qəbul edildiyini, 1918-ci ildə qəbul edilmiş Dövlət Himninin bərpa olunduğunu vurğulayıb. M. Qurbanlı qısa zaman kəsiyində H. Əliyevin ölkədə iqtisadi stabillik yaratdığını, asayişi bərpa etdiyini, Azərbaycanı təcrid vəziyyətindən çıxardığını, ordunu möhkəmləndirdiyini bildirib.
Tədbirdə FHN Akademiyasının Tələbə-Gənclər Təşkilatının “Ulu öndər Heydər Əliyevin irsi biz gənclərə örnəkdir” devizi altında 2013-2014-cü tədris ilinin Heydər Əliyevə həsr edilməsi barədə qərarı və müraciəti oxunub. Akademiya rəhbərliyi və Elmi Şurası bu təşəbbüsü dəstəkləyib.