Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonundakı “Lokomotiv” idman kompleksində baş vermiş partlayışla bağlı məlumat yayıb.
APA-nın xəbərinə görə, məlumatda bildirilib ki, nazirliyin qaynar xəttinə Binəqədi rayonundakı “Lokomotiv” idman kompleksində partlayış baş verməsi ilə bağlı məlumat daxil olub: “Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Lokomotiv” idman kompleksinin qazanxanasında qaz sızması nəticəsində partlayış baş verib, 2 nəfər uçqun altında qalıb”.
Xilasedicilər hadisə yerinə çatana kimi xəsarət almış bir nəfər uçqun altından çıxarılaraq xəstəxanaya aparılıb. Digər şəxs, 1964-cü il təvəllüdlü Şahvələd Məmməd oğlu Məmmədovun isə cəsədi xilasedicilər tərəfindən uçqun altından çıxarılıb.
Hadisə ilə bağlı aidiyyatı qurumlar təhqiqat aparır.