Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yaranmasının 8-ci ildönümü münasibətilə tədbir keçirilib. İlk olaraq nazirlik əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Daha sonra Şəhidlər xiyabanında olublar.
APA TV-nin xəbərinə görə, ildönümü münasibət ilə keçirilən tədbirdə əvvəlcə nazirliyin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib. Daha sonra çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun keçdiyi yoldan və əldə etdiyi uğurlardan danışıb. Bayram ərəfəsində nazirliyin əməkdaşlarının yeni evlərlə təmin edilməsini prezident İlham Əliyevin Fövqaladə Hallar Nazirliyinə diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib.
Nazir qeyd edib ki, nazirliyin xüsusi riskili xilas etmə xidmətinin xilasetmə qrupları 11 ay ərzində yol-nəqliyyat hadisəsi, çoxmənzilli yaşayış binasında partlayış, partlamamış silah-sürsat aşkarlanması, mənzildə qaz sızması, intihara cəhd hallarının qarşısı alınması, mənzildə köməksiz vəziyyətdə qalmaqla və sair xaratkerdə 506 əməliyyatda iştirak ediblər.
Ötən mövsüm Dövlət Sularda Xilasetmə Xidməti nəzarət olunan çimərliklərdə 160, nəzarət olunmayan çimərliklərdə 215 nəfəri xilas edib. Tikinti obyektlərində 2750 obyektə texniki baxış keçirilib, onlardan 1436 obyektə qüsurları aradan qaldırmaq üçün tapşırıq verilib. Nazir hesabatıında 2010-cu ilin yaz aylarında baş vermiş daşqınlardan zərər çəkmiş rayonlarda istifadəyə verilən evlərdən də danışıb.
Kəmaləddin Heydərov 11 ay ərazində nazirliyin əməkdaşları tərəfindən yol verilən nöqsanlardan da danışıb: "İşə düzəltmək adı ilə pul alınması faktı üzrə 4 əməkdaş barəsində iş prokurorluq orqanlarına göndərilib. Bundan əlavə, özlərini nazirliyin əməkdaşı kimi təqdim edib, vətəndaşlardan pul alınması ilə bağlı 3 fakt üzrə, FHN əməkdaşı adı ilə zəlzələdən zərər çəkmiş vətəndaşları aldadıb, pul almış şəxslərlə bağlı isə 5 fakt üzrə iş prokurorluq orqanlarına təqdim olunub".
Daha sonra K. Heydərov təltif olunmuş FHN əməkdaşlarına medal və fəxri adları təqdim edib. Xidmətdə fərqlənən nazirliyin bir qrup əməkdaşı isə nazir tərəfindən medal, döş nişanları, fəxri fərmanlarla təltif olunub.
Sonda nazirliyin şəxsi heyəti adından prezident İlham Əliyevə müraciət qəbul olunub.