FHN-in yaranmasına həsr olunmuş tədbir keçirilib - YENİLƏNİB
16 dekabr 2013 19:45 (UTC +04:00)

FHN-in yaranmasına həsr olunmuş tədbir keçirilib - YENİLƏNİB

 Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yaranmasının 8-ci ildönümü münasibətilə tədbir keçirilib.


 

APA-nın məlumatına görə, FHN-də keçirilən tədbirdə əvvəlcə Nazirliyin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

 

Daha sonra çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun keçdiyi yoldan və əldə etdiyi uğurlardan danışıb.

 

«Bayram ərəfəsində FHN əməkdaşlarına mənzilin verilməsi prezident İlham Əliyevin bu sahəyə diqqətinin bariz nümunəsidir», -  deyə nazir vurğulayıb.

 

K. Heydərov qeyd edib ki, hesabat dövründə 79 mindən artıq obyektdə diqqətli, 45 mindən artıq obyektdə nəzəri müayinələr aparılıb. Müdafiə Sənayesi Nazirliyinin 31, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 54, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətinin 57 obyektində, həmçinin Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunlarının, Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin obyektlərində müayinələr keçirilib. Aidiyyəti üzrə məktublar göndərilib.

 

Nazir bildirib ki, bu mövsüm Dövlət Sularda Xilasetmə Xidməti tərəfindən nəzarət olunan çimərliklərdə 160, nəzarət olunmayan çimərliklərdə 215 nəfər xilas edilib.

 

Fiziki və hüquqi şəxslərə məxsus 809 kiçik gəmi dövlət qeydiyyatına alınıb.

 

Tikinti obyektlərində 2750 obyektə texniki baxış keçirilib, onlardan 1436 obyektə qüsurları aradan qaldırmaq üçün tapşırıq verilib.

 

Nazir həmçinin vurğulayıb ki, 2010-cu ilin yaz aylarında baş vermiş daşqınlardan zərər çəkmiş rayonlarda 2010-cu ilin sentyabr ayından indiyədək ümumi sahəsi 426 688 kv.m olan 4238 yaşayış evi tikilib istifadəyə verilib.

 

Şəki-Zaqatala bölgəsində baş vermiş zəlzələdən zərər çəkmiş vətəndaşlar üçün 4976 fərdi yaşayış evi, 35 məktəb binası, 2 uşaq bağçası tikilib istifadəyə verilib. Hazırda 288 yaşayış evinin tikintisi davam etdirilir. Paralel olaraq sürüşmə nəticəsində respublikanın müxtəlif bölgələrində zərər çəkmiş vətəndaşlar üçün yaşayış evlərinin tikintisi aparılır.

 

Nazirin sözlərinə görə, vətəndaşların qəbulu zamanı 581 vətəndaş qəbul edilib. Onların bəzilərinin problemləri yerində həll olunub, bəzilərinin müraciəti isə icraya yönəldilib.

 

Çıxışına yekun vuran K. Heydərov nazirliyin şəxsi heyəti adından prezident İlham Əliyevə təşəkkür edib.

 

Daha sonra Azərbaycan prezidentinin FHN əməkdaşlarının təltif olunması barədə sərəncamı oxunub. Nazir K. Heydərov təltif olunmuş FHN əməkdaşlarına medal və fəxri adları təqdim edib. Xidmətdə fərqlənən bir qrup FHN əməkdaşı isə nazir tərəfindən medal və döş nişanları ilə təltif olunub.

 

Sonda prezidentə müraciət qəbul olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1432
avatar

Oxşar yazılar