Bu ilin martın 1-ə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 1,78 faiz artıb. Fondun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildirilib ki, fevral ayı ərzində əlavə olaraq 251 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 22 915 nəfərə yüksəlib. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,04 faizini (20 404 nəfər) kişilər, 10,96 faizini (2 511 nəfər) isə qadınlar təşkil edir. Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (12 176 nəfər) üzrə müşahidə olunur.
Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 585 nəfərə, üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 1332 nəfərə çatıb.
Sonrakı yerlərdə İran İslam Respublikası (885), Çin Xalq Respublikası (766), Hindistan (628), Pakistan İslam Respublikası (473), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (366), Ukrayna (264), Özbəkistan (240), Banqladeş Xalq Respublikası (207), Almaniya Federativ Respublikası (197), Filippin Respublikası (194), Türkmənistan Respublikası (187), ABŞ (172), Qazaxıstan Respublikası (167), İtaliya Respublikası (157), Koreya (143) və s. ölkələr qərarlaşıb.