<span style="color:red;">Fazil Mustafa:  "Ehsan təkcə yeməkdən ibarət deyil"
09 sentyabr 2014 18:14 (UTC +04:00)

Fazil Mustafa: "Ehsan təkcə yeməkdən ibarət deyil"

"Yasa qarın doydurmaq üçün yox, başqasının dərdinə şərik olmaq üçün getmək lazımdır"

 

“Müharibə elə bir şeydir ki, onun bir epizodunu əsas götürüb ruhdan düşmək və ya süni ruh coşqunluğu yaratmaq olmaz. İnformasiyalara yanaşmada məsuliyyət və təəssübkeşlik olmalıdır”. Bu fikirləri APA TV-də efirə gedən “Manşet” proqramının qonağı, millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili hərbi məsələlərlə bağlı mətbuatın daha məsuliyyətli olmasını vacib sayır: “Ölkənin strateji hədəfləri var. Burada söhbət informasiya vasitəsilə ölkədəki sabitliyin riskə qoyulmasından gedir. Mətbuat bu məsələ ilə bağlı akademik Ramiz Mehdiyevin səsləndirdiyi fikirləri olduqca ciddi qəbul etməlidir. Döyüş bölgəsində hadisələr heç də monoton getmir. Vətənpərvərlik məsələsi qırmızı xətt kimi jurnalistin qabağına qoyulmalıdır. Bu baxımdan həmin mövzuya həsr olunmuş müşavirədə səslənən tezisləri zəruri və yerində olan addım kimi qiymətləndirirəm və sevindirici haldır ki, hamı da bunu anlayışla qarşıladı. Hələ bundan sonra da bu məsələni müzakirə etməyə ehtiyac var, çünki belə ekstremal situasiyalarla tez-tez üzləşə bilərik”.

Mətbuatda əsas məsələnin peşəkarlığın artırılması olduğunu deyən Fazil Mustafa fəaliyyət göstərən saytlarla bağlı fikrini bildirib: “Azərbaycanda saytları təsnifatlandırmaq vacibdir. Təəssüf ki, xaricdən məqsədyönlü şəkildə idarə olunan ideoloji və təxribat xarakterli fəaliyyət göstərən bəzi saytlar var. Qonşu dövlətdən yönləndirilən minimum 20 sayt var. Bunu ona görə deyirəm ki, bəzən təxminən 20-yə yaxın saytda eyni məzmunlu yazılar, informasiyalar gedir. Unutmaq olmaz ki, bizim ölkəmizin informasiya təhlükəsizliyinə müdaxilə etmək imkanı olan qüvvələr var. Ciddi saytların təbliğatını aparmaq lazımdır ki, cəmiyyətdə onlara meyl artsın. Əslində, bu o qədər də narahatçılıq doğuran məsələ deyil, çünki zaman keçdikcə, insan hüququnun aliliyini üstün tutan, məsuliyyətli saytlar imtahandan çıxacaq”.

Millət vəkilinin fikrincə, ilk növbədə dövlət qurumlarının mətbuatla aktiv əməkdaşlığı təmin olunmalıdır: “Hər şeyi mətbuatın üstünə yükləmək yanlışdır, müşavirədə də rəsmi dövlət qurumlarının mətbuatla işləmək mexanizminin doğru seçilməsinə xüsusi diqqət yetirildi. Peşəkar informasiyanın hazırlanması üçün jurnalist dərhal informasiyanı dəqiqləşdirmək imkanına sahib olmalıdır. Burada informasiyanın verilmə vaxtına görə uduzmaq da əhəmiyyətlidir. KİV-in brendi operativlikdir. Ona görə də bu sahəyə cavabdeh olan strukturların öz işini təkmilləşdirməsi vacibdir. Rəsmi qurumlar bəzən mətbuatı qabaqlayaraq hansı informasiyanın sensasiya və ya təhlükə yaradacağını duymalı və dərhal reaksiya verməlidir”.

Qarabağ münaqişəsində son hadisələrin cəmiyyətə təsirini müxtəlif aspektlərdən izah edən qonaq bu barədə öz müşahidələrini də tamaşaçılarla bölüşüb: “10-15 il əvvəlkindən fərqli olaraq, Azərbaycan cəmiyyətində onu qorumaq potensialına malik ordu təsəvvürü var. Bəlkə də güclü bir dövlətə qarşı müqavimət göstərə bilmərik, bölgənin böyük dövlətləri ilə eyni gücə malik deyilik. Lakin artıq insanlar başa düşür ki, təsadüflə Azərbaycana edilən həmlənin nəticəsi olmayacaq. Uzun müddətdən sonra cəmiyyətdə müharibənin sınıqlığının qalmadığını müşahidə etdim. Müharibə böyük riskdir, yerdəyişmədir, köçdür, insan həyatında böyük dəyişiklikdir. Lakin bunlara baxmayaraq, insanlarda doğma torpaqları qaytarmaq istəyi güclüdür. Amma təəssüf ki, bizdə insanlar ya çılğıncasına sevinirlər, ya da çılğıncasına hər şeyin itirildiyini hiss edirlər. Unutmaq olmaz ki, bu, müharibə deyil, mövqelər savaşıdır”.

Fazil Mustafa müharibə şəraitində cəbhə xəbərlərini cəmiyyətə təqdim edərkən mətbuatın emosiyalardan uzaq olmasını vacib hesab edir: “Müharibənin riski əsgər ölümüdür. Əsgər ölümlərini qabarıq şəkildə cəmiyyətə təqdim edib qorxu hissi təlqin etmək yanlışdır. Artıq orduda da dəyişikliklər var. Şəhidlərin layiqincə dəfn olunması rituala çevrilir. Müharibə təkcə ön cəbhədə döyüşən əsgər deyil, həm də arxa cəbhənin həmrəyliyidir. Hər zaman dəyərlərə malik olan insanlar cəmiyyətdə sabitliyə daha çox can atırlar. Biz sayca çoxuq, lakin bu kəmiyyəti keyfiyyətə çevirmək lazımdır”.

Qonaq milli təhlükəsizlik məsələləri bağlı təxribat xarakterli informasiyaların yayılmasına görə cəzalara dəyişiklik edilməsinin vacibliyini vurğulayıb: “Qəsdən təxribat xarakterli informasiyanın yayılmasına görə qanunvericilikdə cəzalar nəzərdə tutulmalıdır. Lakin burada da mətbuat azadlığını məhdudlaşdırmadan, elə müəyyənləşdirmək lazımdır ki, hər informasiyaya görə problem yaranmasın və mətbuat da normal işləyə bilsin. Burada qanunları sərtləşdirməklə problemi kökündən həll etmək mümkün deyil. İlk növbədə, peşəkarlığın artırılması, cəmiyyətin ümumi maariflənməsi lazımdır”.

Millət vəkili son günlər cəmiyyətdə geniş müzakirəyə səbəb olan toy və yas mərasimlərində israfçılıqdan da danışıb: “Bizim kimi cəmiyyətlərdə belə məsələlərin inzibati yolla mütləq həlli yoxdur. Lakin insanların rifahı üçün müəyyən məsələlərə müdaxilə etmək vacibdir. Cəmiyyətin 80 faizi alternativ olmadığına görə ümumi ritualın içində əriməyə məcburdur. Məclislərdə bu cür israfçılıq insan sağlamlığına hərtərəfli zərərdir. Toylarda yığılan vəsaitin 70 faizi şadlıq evlərinə qalır və nəticədə şad gündə iştirak edən qonaqlar yeni qurulan ailəyə heç bir yardım edə bilmir. Bütün bunları nəzərə alaraq, əgər cəmiyyət özü bunu tənzimləyə bilmirsə, ziyalılar, dövlət qurumları bu məsələyə müdaxilə etməlidirlər. Elə ailə var ki, ayda 3 kiloqram ət ala bilmir, amma yas məclisi üçün 300 kiloqram ət kifayət etmir. Cəmiyyətin qınağından ehtiyat edərək borc-xərclə ehsan verən çox sayda belə ailələr var. Ehsan təkcə yeməkdən ibarət deyil”.

Toy məclislərinin Avropasayağı keçirilməsinin tərəfdarı olan Fazil Mustafa bunun bir mədəniyyət məsələsi olduğunu deyib: “Xaricdən gələn bir qonaq Azərbaycan toyuna girəndə bizim haqqımızda nə düşünər? Bir məclisdə 15 növ yeməyi qarışdırıb yemək vəhşilikdir. Ən pisi isə, pulunu ödədiyin yeməyi evinə apara bilməmək, gur musiqinin səsini azalda bilməməkdir. Fonoqramla mahnı oxuyan müğənnilərə 5-10 min manat ödəyib toya gətirirlər. Yeni qurulan ailələrin çoxunun dağılmasının səbəbi maddi təməlin olmamasıdır. Burada qadağalar həm toy sahiblərinin, həm də qonaqların xeyrinədir. Bu baxımdan, Dini Məsələlərə Nəzarət üzrə Dövlət Komitəsinin addımını çox düzgün və cəsarətli qərar kimi qiymətləndirirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1543
avatar

Oxşar yazılar