1942-1945-ci illərdə nasistlər Buhenvald, Dahau, Zaksenhauzen, Dora-Mittelbau, Ravensbyurk, Mauthauzen, Berqeh-Belzen və Auşvitsdə “xüsusi təsisatlar” yaratmışdılar. Bu müəssisələrə 200-ə qədər qadın cəlb olunmuşdu. Araşdırmalardan məlum olub ki, nasistlərin hakimiyyəti dövründə fahişəlikdən əldə edilən gəlir Üçüncü Reyxin hesabına köçürülürmüş.
Uzun illər tarixçi və tədqiqatçıların üzərindən sükutla keçdiyi bəşəri cinayətlərdən biri İkinci Dünya müharibəsi zamanı alman faşistlərinin əsir düşərgələrində yaratdıqları “xüsusi müəssisələr” idi . Buraya cəlb edilən qadınları cinsi, mənəvi istismara məruz qoyaraq sözün əsl mənasında, “seks kölələri”nə çevirmişdilər. Son illərdə aparılan tədqiqatlardan məlum olub ki, nasistlərin əsir düşərgələrindəki bordellər SS –in reyxsfüreri Himmlerin göstərişi ilə yaradılmışdı.
Sənayeçilərin köməyi ilə o, həbs düşərgələrində mükafat sistemi yaratmışdı. Bu zaman əsirlərin nümunəvi işləri əlavə yeməklə, pul mükafatı, tütün və təbii ki, bordelə getməklə mükafatlandırılırdı.
Naisist rejimi bütün gəlirli biznesə total nəzarət etməyə çalışırdı. O zaman Avropanın yarısını əhatə edən bordel şəbəkəsinə alman nasist hökuməti nəzarət edirdi. Şəbəkədəki vətəndaş və hərbi fahişəxanalar əsir düşərgələri sisteminin bir hissəsi idi.
Himmler əsirlərin əmək qabiliyyətini yüksəltmək, onların işindən əldə edilən qazancı artırmaq üçün əsir düşərgələrində xüsusi baraklar yaratmaq qərarına gəlir. O, hesab edirdi ki, qadın nəvazişi daş karxanalarında və silah zavodunda çalışan əsirlərin əmək məhsuldarlığını daha da artıra bilər. 1942-ci ildə o, öz ideyası haqqında düşərgələri idarə edən Osvald Pola yazır. Və nəticə əldə olunur.
Əsir düşərgələrində yaradılan fahişəxanalarda 200-ə qədər “seks köləsi” çalışırdı. Bəzilərində bir qadın 300-500 kişiyə xidmət edirdi. Sistemə görə, ilk əvvəllər fahişəxanalara ancaq alman əsilli əsirlər gedə bilərdilər. Sonra yəhudilər və sovet əsirlərindən başqa bütün əsirlərə icazə verildi.
***
Avstriya Müqavimət hərəkatının üzvü və Ravensbyurkda əsir olmuş Antonia Brua xatirələrində yazır ki: “Ən gözəl qadınlar SS-in bordellərində yaşayırdılar”. 1942-ci ilin iyununda Yuxarı Avstriyada Mauthauzen düşərgəsində ilk fahişəxana yaradılır. 10 kiçik otaqdan ibarət olan binada hər qadının öz “iş yeri” – ayrıca otağı olur.
17-35 yaş arasında olan qadınları ən böyük qadın həbs düşərgəsindən - Ravensbyurkdan seçirdilər. Düşərgə sakinlərinin 70 faizi alman əsilli, qalanları isə polyak, ukraynalı, belorus idilər. Yəhudi əsilli qadınları bordellərdə işlətmirdilər. Fərqlənmək üçün fahişələrin paltarlarının qollarına “qara üçbucaq” tikirdilər. Onları 10 gün ərzində formaya salırdılar: kalsium vurulur, dezinfeksiyaedici akril vannaları qəbul etdirilir, kvars lampalarında dəriləri qaraldılırdı. SS-in həkimləri qadınları daim nəzarətdə saxlayırdılar. Düşərgədə yoluxucu xəstəlik yayılmasın deyə, qadınlar daim tibbi müayinədən keçirilir, bordellərə gələn əsirlərə isə dezinfeksiyaedici mazlar paylanırdı. Qadınlar nadir hallarda hamilə qalırdılar. Belə hallarda isə onlar yeniləri ilə əvəz olunurdular.
1943-cü ilin iyununda Buhenvalddakı bordel hər gün saat 19.00 -dan 22.00 -a qədər açıq olurdu. İşıq və ya su olmayanda bordel bağlanır, həyəcan elan edilir və ya radioda fürerin çıxışı verilirdi. Qadınlar əsas işlərindən başqa boş vaxtlarında corab yamayır, ot yığırdılar. Buhenvald bordeli 1945-ci ildə – düşərgə ləğv olunmazdan əvvəl bağlanıb. Ora gələnlər isə SS zabitləri deyil, adi hərbi əsirlər olub. Hər gün bordelə yüz nəfərə yaxın əsir gəlirdi.
Bordeldəki sistem haqqında ən dəqiq məlumatı əsirlərin gündəliklərindəki qeydlərdən əldə etmək olur. Daxay düşərgəsinin əsiri olmuş Edqar Kupfer-Kopervitsin gündəliyində yazılıb: “Dəhlizdə gözləyirsən. Məhbusun ad və soyadını jurnala yazırlar. Sonra gedəcəyin otağın nömrəsini və hansısa qadının soyadını deyirlər. Hər dəfə başqa otaq verilir. Və cəmi 15 dəqiqə vaxt”.
***
Bordellərdəki qadınların arasında könüllülər də vardı. 1944-cü ildə əsir düşərək Ravensbyurk düşərgəsinə aparılan ispan qadın Lola Kasadel xatirələrində yazır: “Düşərgədəki başçı qadın deyirdi ki, bordeldə işləmək istəyən ona müraciət etsin. Nəzərə alın ki, kim könüllü gəlməsə, biz güc tətbiq etməli olacağıq”.
Ölümə məhkum edilmiş bir çox qadın üçün bordelə getmək yaşamaq üçün son ümid idi. “Vacib olan odur ki, biz Berqen-Balzen və Ravensbyurk cəhənnəmindən xilas ola bildik. Əsas odur ki, necəsə yaşaya bildik”, - Mittelbau-Dora düşərgəsinin keçmiş məhbusu Lizelotte deyir.
Məhbus qadınlardan biri - Marqaret özünün bordelə seçildiyi günü belə xatırlayır: “Bizi orada soyundurdular. Oraya SS qrupu və düşərgənin həkimi Şidlauvski gəldi. Onlar bizə baxdılar. Şidlauvski: “Onlar bütün sür – sümükdür ”,-dedi. Buhenvaldın komendantı Kox isə “Biz onları yedirdəcəyik ”,- deyə cavab verdi”.
***
“Alman əsgəri vaxtında yeməli, yuyunmalı və cinsi tələbatını ödəməlidir ”- Vermaxtın bir çox komandirləri məhz belə düşünürdülər. Sonuncu məsələni həll etmək üçün isə işğal olunmuş böyük şəhərlərdə fahişəxanalar yaradılır, restoran və yeməkxanalarda almanlar üçün “görüş otağı” ayrılırdı.
Nasist Almaniyasının bu iyrənc sistemi Rusiyadan da yan keçmədi. Belə ki, balaca kənd olan Medvedin (Novqorod) yeməkxanası və klubu Vermaxtın əsgərləri arasında çox məşhur idi, çünki orada “mədəni proqram”dan başqa həm də striptiz göstərilirdi!
İkinci dünya müharibəsi zamanı Rusiyanın şimal-qərb torpaqlarındakı şəhər və qəsəbələr faşistlər tərəfindən işğal olunmuşdu. Orada yaradılan bordellərdə əsasən yerli rus qızlar çalışırdılar. Bəzən buraya Baltikyanı ölkələrdən də qızlar gətirilirdi. Qeyd olunmalıdır ki, qızların bordellərdə çalışması təkcə zor gücünə deyildi. Müharibənin ac üzü onları hətta bu yerə könüllü gəlməyə məcbur edirdi.
Bordellər ikimərtəbəli evlərdə yerləşirdi və burada 20-30 qız növbə ilə çalışırdı. Bir nəfər gün ərzində onlarca hərbçiyə xidmət edirdi. Qadınların xidməti əksər hallarda məhsulla ödənirdi, şokoladla, konfetlərlə, çörəklə...
Fahişəxanalarda nizam-intizama alman əks-kəşfiyyatının tabeliyində olan xidmətlər nəzarət edirdilər. Solets və Peçkada nasistlər iri kəşfiyyat-diversiya məktəbləri açmışdılar. Onların “məzunları” sovetlərin arxa cəbhəsinə və partizan dəstələrinə yerləşdirilirdilər. Solets bordelində də bütün xidməti personal Abver (Almaniyanın hərbi kəşfiyyat və əks-kəşfiyyat orqanı) tərəfindən yığılmışdı. Bordeldəki qızlar kəşfiyyat məktəbinin kursantları ilə gizli söhbətlərində Üçüncü Reyxə sadiq olduqlarını, Sovet Müqavimət hərəkatına qoşulmaq istəmədiklərini deyirdilər. Bu xidmət üçün də onlar xüsusi qonorar alırdılar.
1942-ci ilə aid sənədlərin birində qeyd olunur: “Pskovdakı fahişəxana azmış kimi, onlar azad fahişəliyi təmin edən sistem də yaratdılar. Sanitar-nəzarət sistemində olan fahişələr mütəmadi tibbi müayinədən keçir və xüsusi biletlər (tibbi vəsiqə) alırdılar”.
***
Faşist Almaniyasının məğlubiyyətindən sonra müharibə zamanı nasistlərə xidmət etmiş qadınlar ictimai töhmətə məruz qaldılar. İnsanlar onları “alman döşəməsi”, satqın və başqa alçaldıcı sözlərlə təhqir edirdilər. Onlardan bəzilərinin əxlaqsız qadın kimi başlarını qırxırdılar. Sovet hökuməti isə buna barmaqarası baxırdı. Müharibənin öz qanunları var axı! Müharibə illərində seksual “əməkdaşlıq” sonradan öz izlərini qoyurdu. İşğalçılardan saysız-hesabsız sarışın və mavi gözlü körpələr doğuldu. Əksər hallarda isə doğulan uşaqları anaları öldürürdü. Çünki “düşmən övladı” idi. Partizan xatirələrinin birində qeyd olunur ki, almanların kənddə qaldıqları üç il ərzində rus qadın üç uşaq doğur. Sovet əsgərlərinin kəndə gəldikləri ilk gün qadın uşaqlarını kəndin yoluna çıxarır və: “Alman işğalçılarına ölüm!”,- qışqıra - qışqıra üçünün də başını əzir...
Yaqut Əliyeva