Əməkdar artist bayram gecəsi ölüb
09 yanvar 2014 12:08 (UTC +04:00)

Əməkdar artist bayram gecəsi ölüb

Azərbaycanın əməkdar artisti, tanınmış kino və teatr aktyoru Ömür Nağıyev qəflətən vəfat edib. Lent.az-ın məlumatına görə, bu barədə modern.az-a aktyorun çalışdığı S.Vurğun adına Rus Dram Teatrından məlumat verilib.

“Aktyorumuz Ömür Nağıyev dekabrın 31-də müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında vəfat etdi, yanvarın 1-də dəfn etdik”-deyə mərhum aktyroun dəfnində iştirak etmiş Rus Dram Teatrının inzibatçısı bildirib. 

Lakin Rus Dram Teatrında əməkdar artistlə vida mərasimi təşkil olunmayıb. Ömür Nağıyevlə vida mərasiminin təşkil edilməməsi və əməkdar artistin urvatsız  dəfn olunması onu tanıyanların və yaxınlarının narazılığına səbəb olub. 

Teatrdan isə bunu belə izah ediblər: “Bunun üçün icazə almaq lazım idi. Bizdə əsasən  xalq artistlərinin və sənət üçün bir çox işlər görən adamların vida mərasimi keçirilir. Dəfnində biz də iştirak etdik. Hövsan qəbiristanlığında dəfn olundu”.

Ömür Nağıyev 1953-cü ildə  Bakıda anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsini bitirib. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. 30-dan çox filmdə çəkilib. Bakı Bələdiyyə teatrında işləyib.

2005-ci ildən S.Vurğun adına Rus Dram teatrının aktyoru idi. Teatrda işlədiyi müddətdə bir neçə obrazlar yaradıb. Onlardan: Bernar (K.Xiqqins "Qarold və Mod"), Prokuror (M.İbrahimbəyov "Neft bumu"), Qersoq Kornuelski (U.Şekspir "Kral Lir"), Polis (Elçin "Ubiysa"), Azər-baba (S.Vurğun "Fərhad və Şirin") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Ömür Nağıyev digər əməkdar artist Nəsibə Eldarova ilə bir müddət evli olub. Onların nikahından doğulan oğlanları Rüfət Nağıyev də bir neçə ay öncə, 30 sentyabr 2013-cü il tarixində vəfat etmişdi. O, yüksək dozada narkotik qəbul olunması nəticəsində ölmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2542
avatar

Oxşar yazılar