Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev mayın 21-də Zərdabda 11 rayondan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Fond sədrinin qəbuluna gələn Zərdab Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Xocavənd, Xocalı, Laçın, İmişli və Füzuli rayonlarının sakinləri əsasən pensiya təyinatı, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı müraciət ediblər.
Görüş zamanı həmçinin başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənilib.
Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nın rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, qəbulda iştirak edənlərin Fondun rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb-gətirilmələri təmin olunub. Qəbul zamanı ümumilikdə 40-adək vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.