“İcbari tibbi sığorta və özəl pensiya fondları məsələsi başqa-başqa məsələlərdir”. Lent.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib. Fond sədrinin sözlərinə görə, hər ikisi DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərdir: “İcbari tibbi sığorta birbaşa səhiyyənin maliyyələşdirilməsi mexanizmidir. Biz DSMF olaraq sosial sığorta sistemində fərdi uçotu uğurla reallaşdırmışıq. Bu sahədəki təcrübəmizi bölüşə bilərik”.
Özəl pensiya fondlarına gəldikdə Fond sədri bildirib ki, prezident tərəfindən təsdiq edilmiş “Dövlət Proqramı”na uyğun olaraq həm dövlət pensiya sistemində yığım komponentinin təsdiqi, həm də Dövlət Pensiya Fondları üzrə qanunvericiliyin hazırlanması bir vəzifə olaraq tapşırılıb. “İki məsələ daim müzakirə olunur. Bunlardan birincisi özəl pensiya fondlarına ödənən sosial sığorta haqlarının könüllü və icbari əsaslarla olunmasıdır. Dünya təcrübəsində son tendensiyalar sübut eləyib ki, burda məcburi sığortalama vəsaitlərinin cəlb olunması həm müəyyən risklər yaradır, həm də dövlətin pensiya ödənişlərinə yönəltdiyi maliyyə resurslarında müəyyən kəsrə səbəb ola bilir”.