Dövlət Sosial Müdafiə Fondunda “Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda “Açıq qapı” günü-vətəndaş forumu keçirilib. Bu barədə Lent.az-a Fonddan məlumat verilib. DSMF sədri Elman Mehdiyev vurğulayıb ki, tədbir Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq həyata keçirilir. Burada əsas məqsəd ictimaiyyəti DSMF-nin fəaliyyəti, qurulan müasir avtomatlaşdırılmış idarəetmə sistemi ilə yaxından tanış etmək, Fondun həyata keçirdiyi elektron xidmətlər barədə ətraflı məlumat verməkdir.
“Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 21-ə çatdırılıb. “Elektron hökumət” portalının statistikasına əsasən Fondun təklif etdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir”-deyən E.Mehdiyev qeyd edib ki, bu ilin ötən dövrü ərzində DSMF-nin təkcə “Elektron hökumət” portalına inteqrasiya olunan elektron xidmətlərindən 119 minə yaxın istifadəçi yararlanıb.
Sonra tədbir iştirakçıları DSMF-nin Fərdi uçotun təşkili şöbəsində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi işləri ilə yerində tanış olublar. Burada təqdimatla çıxış edən Fərdi uçotun təşkili şöbəsinin müdiri vəzifəsini icra edən Nigar Pənahova bildirib ki hazırda 2 milyon 630 min nəfərdən çox şəxsə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb.