Noyabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan Əlillərin VI Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin final mərhələsi başlayıb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Azərbaycan Teatr Xadimləri İttifaqının Aktyor Evində keçirilən və iki gün davam edəcək final mərhələsində 86 nəfər əlil şəxs və 48 nəfər sağlamlıq imkanları məhdud uşaq muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət sahəsində istedad və qabiliyyətlərini nümayiş etdirirlər.
Noyabrın 28-də müsabiqənin qaliblərinə fəxri diplomların və mükafatların təqdim edilməsi mərasimi olacaq. Nazirliyin müvafiq əmri ilə baxış-müsabiqənin qaliblərinin mükafatlandırılması üçün bədii yaradıcılığın müxtəlif növləri nəzərə alınmaqla I mükafat üçün 8 yer, II mükafat üçün 11 yer, III mükafat üçün 12 yer müəyyən olunub. Həmçinin qaliblər istisna olunmaqla, final mərhələsində iştirak edən əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara həvəsləndirici mükafatların və təşəkkürnamələrin verilməsi nəzərdə tutulur.