Ələsgər...
22 dekabr 2015 11:38 (UTC +04:00)

Ələsgər...

Onunla 65 yaşında görüşüb söhbət etdik. Uzaqda yox, elə iş yerinin qarşısında. Füzuli meydanında, “Azdrama”nın yaxınlığında, günün altında. O, o qədər utancaq, mən o qədər sərbəst idim ki, elə bil bu ölkənin sevimli teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti Ələsgər Məmmədoğlu o yox, mən idim. Və söhbət də mənim iş yerimin qarşısında gedirdi...

 

Dedim, "65 yaşınız yar, necə keçdi bu illər?"  Dedi, "heç bilmədim, başım qarışıq oldu, nədisə, bir də gördüm illər gəlib keçib. Tez keçdi illər."

Ardınca da dedim ki, "hərdən 65 nömrəli avtobusda görürəm sizi..." Sualların bu cür ardıcıllığına güldü.

Hə - dedi- o avtobusla dənizkənarı parka gedib bir az gəzib qayıdıram.

 Axşamlar rahat yatmaq üçün gəzirdi hərdən. İşə piyada gedib-gəldiyini deyirdi. Di gəl piyada getmə (bunu da mən indi deyirəm). Teatr evinin qarşısındadır. Daha doğrusu evi teatrın arxasındadır. Beş addım yol yəni. Elə həyatı da rollarının, yaratdığı obrazların arxasında idi daha çox. Rollarında nə qədər mülayim idisə, həyatda ondan da çox sakit, mülayim idi. Ən azı mənim üçün. Yəni kənardan onu müşahidə edəndə bu qənaətə gəlmək olurdu. Hərdən yayın isti günlərində Füzuli meydanında oturub pivə içirdim. Oradan keçəndə, salam verib hal - əhval tuturdum. Lütfən gəlin oturun çay içək - deyib onu masama dəvət edərək əlimin arxası ilə pivə bakalını kənara itələyirdim. Xoşuna gəlirdi bu hərəkətim. Əlini sinəsinə qoyub ehtiram əlaməti olaraq, yüngülcə baş əyib təşəkkür edirdi. Amma oturmurdu, sağollaşıb gedirdi. Hündür, yeriyəndə bir az qabağa əyilən bu insan cüssəsini arxadan müşahidə edəndə nədənsə həmişə mənə elə gəlirdi ki, indicə çevrilib arxaya baxacaq. Heç vaxt da baxmırdı. Amma növbəti dəfə onu əlləri arxasında çarpazlanmış halda, fikirli-fikirli gedən görəndə yenə də - bax, indiicə çevriləcək - deyirdim özümə. Amma yox, çevrilmirdi. Mənsə o, gözdən itənədək arxasınca baxır-baxır, hər dəfə də düşünürdüm ki, bu adamı çox istəməmək, sevməmək mümkün deyil. Amma bilmirəm niyə. Bəlkə də ona görə ki, o, çox utancaq adam idi mənim aləmimdə.

Məncə o, həyatda çox şeylərdən qüruru ilə yanaşı həm də utandığından imtina edənlərdən idi. Bəlkə də yanılıram. Amma mənimlə söhbətdə çox sakit, utana-utana, sözlərini seçərək danışmışdı. Sonda hətta çətinliklə də olsa özünü sıxıb məndən - necə danışdım, çox pis olmadı ki?- deyə soruşdu. Bunu o qədər astadan və o qədər sıxıntı ilə dedi ki, əlim-ayağım yerdən üzüldü sanki. 

Az qaldım boynunu qucaqlayıb, üzündən öpəm bu səmimiyyətinə, məsumluğuna görə. Öpmədim amma. Narahat olmayın, hər şey yaxşı idi - deyərək əlini sıxıb ayrıldım.

Kaş amma o vaxt elə boynunu qucaqlayıb öpəydim - gecə xəbərlərdə vəfat etdiyini oxuyanda ilk ağlımdan keçən bu oldu...

Çox maraqlıdır ki, bu yazını yazırkən onun xəyalı gözlərim önündədir və heç gedib gözdən itmir, elə çevrilib hey arxaya baxır... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405
avatar

İlqar Rəsul

Oxşar yazılar