Qırmızıpapağın anası onun səbətinə evdə bişirdiyi həqiqi pirojkilər yığmışdı...
Tuk, tuk, tuk!
Qapı xəfifcə döyülür. Xırdaca barmaqların yarada biləcəyi taqqıltı necə ola bilərdisə, o cür.
Sonra hamımızın çox gözəl tanıdığı nağıl qəhrəmanları bir-bir içəri daxil olurlar.
Kimlər yoxdur burda?!
Sindbad, Qırmızıpapaq, Ələddin, Yatmış gözəl, Maşa, Göyçək Fatma, Cırtdan...
Onların ardınca isə nə az nə çox, düz iyirmi beş “şirin” gəlir.
Tədbir başlanır...
***
Söhbət Vaqif Əliyev adına Lənkəran şəhər 4 saylı Humanitar Təmayüllü Məktəb – Liseyin kitabxanasından və bu kitabxanada keçirilən Kitab günü tədbirindən gedir.
Belə bir tədbirin keçirilməsi təklifi məktəb kitabxanasının müdiri Zahidə Qurbanovadan gəlib:
- Məqsəd, ikinci sinif şagirdlərini kitabxana ilə tanış etmək, onlara dərsliklərindən əlavə də kitablar olduğunu göstərmək, ədəbiyyatın, mütaliənin insan həyatında çox vacib olmasını aşılamaqdır, - deyir o, - kitabxanamızda azyaşlı məktəblilər üçün yeni kitablar var, sinifdənxaric oxu üçün “Sevimli nağıllar”, “Avropa nağılları”, “Təbiət haqqında hekayələr”, uşaqlar və valideynlər üçün olan ensiklopediyalar barədə onları məlumatlandırmaq istədik, düşünürəm ki, bu tədbir ikincilərin yaddaşında hər zaman ən xoş xatirələrdən biri kimi qalmaqla yanaşı, onların həyat yolunda yanan ilk işıqlardan biri olacaq.
- Bu cür kitab günlərini mütəmadi etmək fikriniz varmı? – soruşuram.
- Əlbəttə, - deyir, - yazda 5-ci və 6-cı sinif şagirdləri ilə daha bir tədbir-kompozisiya hazırlayacağıq, onu milli qəhrəmanımız Mübariz İbrahimovun xatirəsinə həsr edəcəyik, vətənpərvərlik, qəhrəmanlıq, bayraqçılıq ideyasını şagirdlərimizə daha da aşılamaq üçün.
***
Kitabxanada isə olduqca çəkici, maraqlı bir ab-hava yaranıb.
Nağıl qəhrəmanları stellajların qarşısında düzülərək, kitab, mütaliə, elm haqqında dahilərin tarixdə qala bilmiş aforizmlərini söyləyirlər.
- Kitab sənin ilk dostundur!
- İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.
- Kitab – idrak mənbəyi və kamillik vasitəsidir.
- Kitab təfəkkürün övladıdır...
***
Onlar doğrudan da elə indicə seçib götürdükləri, sevə-sevə, maraqla vərəqlədikləri nağıl kitablarının içindən çıxıblar sanki, şirin, ağıllı, balaca, nur dolu!
Geyimlərini və çıxışlarını düşünüb tərtib edən isə sinif rəhbərləri Nuranə Babayevadır, şagirdlərini təbəssüm, fərəh və həyəcanla izləyir, əlbəttə ki, sevinir:
- Uşaqlar keçən il əlifbanı öyrəndilər, bu ildən isə artıq kitabxana ilə, sinifdənxaric oxu ilə tanış olmalıdırlar, onlara kitabı, mütaliəni sevdirmək müəllimlərin və valideynlərin vacib borclarından biridir, onların söz ehtiyatı artmalı, mütaliə mədəniyyəti yaranmalı, kitab oxumaq vərdişləri olmalıdır.
***
Sevimli nağılların sevimli qəhrəmanları da, şirinlər də kitabxanadakı masaların ətrafına toplaşıblar, onlar kitabxana haqqında bu gün aldıqları ilk təəssüratı yazmağa başlayıblar, yazdıqlarına elə oradaca kitaba, nağıllara, kitabxanaya aid rəsmlər çəkənlər də var.
Məktəbin direktoru Yeganə Əsgərova kitabxana işçilərini də, müəllim və valideynləri də, şagirdləri də təbrik edir, onlara gələcəkdə heç bir zaman kitabdan, elmdən uzaq düşməməyi arzulayır:
- Mən məktəbimizdə belə bir tədbirin keçirilməsindən olduqca məmnunam, bizim məktəbimiz hər zaman özünün yenilikçi, qabaqcıl, maraqlı imici ilə fərqlənib, həmişə yaxşı nümunə olmağa çalışırıq, - deyir, - kitab, mütaliə, elm uşaqlarımızın gələcəyidir, uşaqlar isə bizim gələcəyimizdir, bunu unutmayaq!
***
Və uşaqlarının ən gözəl günlərindən birini izləyən valideynlərin gözlərindəki sevinc doluluğu...
- Paltarları özümüz hazırladıq, bu zaman ərzində istər-istəməz hər gün uşaqlarla evdə kitab və kitabxana barədə söhbətlər etməli olurduq, - deyir Vüsalə Kərimova, - nəinki uşaqlarla, biz valideynlər, öz aramızda da ən çox elə kitabdan, mütaliədən danışdıq bu tədbirin sayəsində, məktəb rəhbərliyinə, kitabxana əməkdaşlarına, Nuranə müəlliməyə təşəkkürümüzü bildirmək istəyirik, hamımız birlikdə kitab ətrafına yığışmışdıq, hətta o qədər həvəslə hazırlaşmışdıq ki... Məsələn, Qırmızıpapağın anası onun səbətinə evdə bişirdiyi həqiqi pirojkilər yığmışdı...