Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 3-də ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə Lent.az-a TQDK-dan məlumat verilib.
Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən fevral ayından başlayıb və martın 26-da başa çatıb. İmtahanda iştirak etmək üçün 350-dən çox namizəd müraciət edib.
İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq.
İmtahan saat 10.00-da Azərbaycan Texniki Universitetinin idman sarayında keçiriləcək. Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.
İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək.